AZ

“Mətbuata baxırsan, bilən də, bilməyən də Rusiyadan danışır”

"Nə İranla, nə də Rusiya ilə münasibətlərin gərginləşməsi Azərbaycana xeyir verir".

Yenisabah.az sherg.az-a istinadla xəbər verir ki, bunu VHP sədri SAbir Rüstəmxanlıdeyib.

"Rusiyanı tanıyırıq. Çar dönəmindən bu yana Rusiyanın Azərbaycanla bağlı apardığı siyasəti, xırda xalqları əzmək və assimilyasiya siyasətini çox yaxşı bilirik. Bunlar haqqında dəfələrlə yazılıb, deyilib. Amma indi Rusiya və Azərbaycan ayrı-ayrı müstəqil dövlətlərdir. Dövlətlər də insanlar kimi daha çox dost tutmağa çalışmalıdır, hətta düşməni də özünə dost etməlidir. Heç bir düşməni zəif görmək olmaz.

Doğrudur, Rusiya hazırda müharibə edir, dünya üstünə gəlir. Buna baxmayaraq, qonşumuzdur. Nə İranla, nə də Rusiya ilə münasibətlərin gərginləşməsi Azərbaycana xeyir verir. Bu mənim şəxsi düşüncəmdir. Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər və s.

Bu şəkildə yazılar Azərbaycana xeyir gətirmir. Naşılıqdan, iş bilməməkdən irəli gəlir. Azərbaycan hökuməti balanslı və təmkinli siyasət aparır və bunu davam etdirməlidir". 

S.Rüstəmxanlı vurğulayıb ki, Rusiyada milyonlarla soydaşımız yaşayır: 

"Sıx əməkdaşlığımız var, iqtisadi cəhətdən bir-birimizə bağlıyıq. Ona görə də Rusiya ilə münasibətləri qızışdırmaq, orada yaşayanlarımız üçün yeni problemlər yaratmaq yolverilməzdir. Problemlərimiz ortada ikən bu məsələlər bizə ziyan verər.

Nəzərə alaq ki, Ermənistanı bütün Qərb dünyası, o cümlədən Hindistan kimi ölkə silahlandırır. Ermənistanı yeni revanşa, müharibəyə hazırlayırlar. İranın da Ermənistanı müdafiə etdiyini nəzərə almalıyıq. Belə məqamda Rusiyanın da üzünü o yana çevirsək, Azərbaycan üçün yaxşı olmaz. Rusiya ilə münasibətləri normal saxlamaq lazımdır".


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr