AZ

“Qarabağ kartı” ilə yeni təhdid CƏHDİ

Qarabağda ləğv olunmuş qondarma rejimin sonuncu rəhbəri Samvel Şahramanyan “parlament”in səlahiyyət müddətinin uzadılması haqqında “fərman” imzalayıb.

“Hraparak” qəzetinin yazdığına görə, 2025-ci ilin may ayında separatçı parlamentin səlahiyyət müddəti başa çatır. Ona görə də ya yeni seçkilər keçirilməli, ya da Azərbaycan Prezidentinin tələbinə uyğun olaraq, uydurma Milli Məclis buraxılmalıdır. 

Lakin cinayətkar rejimin “konstitusiyası”na görə, fövqəladə vəziyyət zamanı seçkilər keçirilə bilməz. Bu səbəbdən də, Şahramanyan “parlament”in səlahiyyət müddətini uzadıb. “Hraparak” qeyd edir ki, Ermənistan hakimiyyəti də Qarabağın “dövlət qurumları”nın Ermənistan Respublikasının təhlükəsizliyinə təhdid yaratdığına inanaraq “parlament”in buraxılmasını dəstəkləyir. 

“Əlbəttə, bu, o demək deyil ki, “Artsax parlamenti” fəal işləyəcək. Lakin hüquqi əsasları saxlamaqla, siyasi problemi həll edirlər ki, Qarabağ məsələsi bağlanmasın və hadisələrin geosiyasi inkişafı əlverişli olarsa, onlar öz mandatlarını işə sala bilsinlər”,- deyə qəzet yazır. 

Göründüyü kimi, qondarma parlamentin ömrünün uzadılması əlavə vaxt qazanmağa hesablanıb. Çünki terrorçu rejimin yenidən bərpasının qeyri-mümkünlüyünü əslində, Samvel Şahramanyan və onun yanındakılar yaxşı başa düşür. Artıq işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Xankəndidə Azərbaycanın dövlət suverenliyi bərqərar edilib. Azərbaycan ərazisində erməni separatizminin yenidən baş qaldırması geridönməz prosesdir. Eyni zamanda, uydurma rejim 2023-cü il sentyabrın 28-də Şahramanyanın sərəncamı ilə buraxılıb. 

Oyuncaq quruma əvvəllər rəhbərlik edənlərin əksəriyyəti Azərbaycan tərəfindən cinayət məsuliyyətinə cəlb edilib və hazırda məhkəmə prosesi keçirilir. Ona görə də terrorçular yeganə ümidlərini regionda baş verən geosiyasi dəyişikliklərin baş verməsinə bağlayıb. Yəni separatçılar Avropa İttifaqının və Fransanın tələbləri nəticəsində ermənilərin Qarabağa dönəcəklərini, məhkəməsi gedən cinayətkarların həbsdən buraxılacağını, beləliklə qondarma rejimin öz fəaliyyətini yenidən bərpa edəcəyini düşünürlər. 

Lakin Azərbaycanın ermənipərəst dairələrin çağırışları qarşısında geri çəkilməsi qeyri-mümkündür. Digər tərəfdən, Azərbaycan könüllü köçmüş ermənilərin geri qayıtmasına etiraz etmir. Qeyd edək ki, bu hüquqlar Azərbaycan ərazilərinin işğalında və separatçılıq hərəkatında iştirak etmiş, Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırım cinayətləri törətmiş şəxslərə aid edilmir. Yəni onlar Azərbaycan vətəndaşı ola bilməz. 

Bu baxımdan, qondarma rejimin bərpası barədə iddialar siyasi illüziyadan başqa bir şey deyil. Uydurma qurumun Ermənistan ərazisində fəaliyyətini davam etdirməsi Nikol Paşinyan hakimiyyətinin də maraqlarına cavab vermir. Çünki Paşinyan “dövlət içində dövlət” istəmir və müxalifətə bağlı Qarabağ klanını öz hakimiyyətinə qarşı təhlükə hesab edir. 

Ermənistan hökuməti cinayətkar qurumun bir neçə üzvü barəsində cinayət işi açıb, Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə edib. Lakin Nikol Paşinyan qondarma rejimin Ermənistan ərazisində fəaliyyətinə tamamilə qadağa qoymamaqla Azərbaycanla sülh danışıqlarında siyasi manipulyasiya edir. 

Xüsusilə də Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasını təhlükə hesab edən rəsmi İrəvan çox güman ki, qondarma parlamentin mandatının uzadılmasına şərait yaratmaqla Azərbaycanı “Qarabağ kartı” ilə təhdid etməyə çalışır.

Seçilən
9
cebheinfo.az

1Mənbələr