Komanda şəklində əsas məqsədimiz Estoniyada keçirilən Avropa çempionatında medal qazanmaq idi və bunun üçün sona qədər mübarizə apardıq.
Bunu "Report"a açıqlamasında Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Estoniyanın paytaxtı Tallində təşkil olunan Avropa çempionatında bürünc medal qazanmaları barədə danışarkən deyib.
İdmançı üçüncü olmasına rəğmən, ruhdan düşmədiyini vurğulayıb:
"Yarışların səviyyəsindən asılı olmayaraq, bütün idmançılar medal uğrunda mübarizə aparırlar. Bu mötəbər turnirdə 28 ölkədən müxtəlif kateqoriyalar üzrə 268 idmançı iştirak edirdi. Komanda şəklində əsas məqsədimiz medal qazanmaq idi və bunun üçün sona qədər mübarizə apardıq. Şəxsi məqsədim qızıl medal qazanmaq idi, lakin bu dəfə 3-cü yerlə kifayətlənməli oldum. Qızıl medal əldə edə bilməsəm də, ruhdan düşmədim. Qarşıda bizi Xorvatiyada keçiriləcək U-21, həmçinin böyüklər arasında Avropa çempionatı gözləyir. Yenidən medal uğrunda mübarizə aparacağam".
Qeyd edək ki, L.Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə (U-18) solo yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.