AZ

Azərbaycan Respublikası Audiovizual Şurasının sədrinin brifinqi keçirilib

Fevralın 14-də Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov brifinq keçirib.

AZƏRTAC xəbər verir ki, brifinqdə ölkənin 30-dan artıq televiziya, radio, informasiya agentliyi və xəbər saytının nümayəndələri iştirak ediblər.

Brifinq zamanı Audiovizual Şuranın sədri jurnalistlərə 2024-cü ilin hesabat xarakterli məlumatlarını çatdırıb, keçən il ərzində icra olunan işlərdən və 2025-ci ildə planlaşdırılan fəaliyyətdən bəhs edib. İsmət Səttarov Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" Sərəncamına uyğun olaraq görülmüş işlər barədə, o cümlədən mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması istiqamətində atılmış addımlardan danışıb.

Sonra ölkəmizdə televiziya və radio yayımının tənzimlənməsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan fəaliyyət metodunun tətbiq edildiyi, bu istiqamətdə addımlar atıldığı, növbəti illərdə də həmin işlərin genişləndiriləcəyi diqqətə çatdırılıb.

İsmət Səttarov Audiovizual Şura tərəfindən vətəndaş şikayətlərinin cavablandırılması, aparılan monitorinq və alınan şikayətlər əsasında həyata keçirilmiş hüquqi tədbirlərdən, Azərbaycan televiziyasının maliyyə çətinliklərindən, dövlət tərəfindən audiovizual yayımçılara göstərilən dəstəkdən, dövlət sifarişi əsasında proqramların istehsalı ilə bağlı Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın birgə keçirdiyi müsabiqə və onun müsbət nəticələrindən, ümumölkə statuslu kanalların proqramlarının janr bölgüsündən, 2024-cü il ərzində yayımlanmış sosial çarxlardan, milli seriallar və cizgi filmlərinin yayımı sahəsində mövcud vəziyyətdən, əlilliyi olan şəxslərin televiziyadan istifadə imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən də bəhs edib.

Brifinq zamanı Şura sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Seçilən
47
yeniazerbaycan.com

1Mənbələr