“Turan” İnformasiya Agentliyi öz işçiləri ilə müqavilələrinə martın 1-də xitam verəcək. Bunu Medianews.az-a açıqlamasında agentliyin direktoru Mehman Əliyev deyib.
Dünəndən fəaliyyətini dayandırmış “Turan” agentliyinin ofisi Bakının Süleyman Rəhimov küçəsində yerləşir.
Mehman Əliyev bildirib ki, ofisin kirayə müddəti martın sonunda başa çatır: “Yəni ofisi hələ martın sonu təhvil verəcəyik”.
“Turan”ın fəaliyyətini dayandırması haqda müraciətində Mehman Əliyev dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəklərini də vurğulayıb.
Medianews.az-a açıqlamasında Mehman Əliyev bildirib ki, yeni formatda “Turan”ın hazırkı işçilərindən, çox güman, əsasən texniki işçiləri əməkdaşlığa cəlb etmək mümkün olacaq.
Nailə Qasımova,
Medianews.az