Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri də bunun sübutu idi. Bu səfər həmrəylik, qarşılıqlı etimad və hörmət, həmçinin hər iki tərəfi maraqlandıran məsələlərdə qarşılıqlı dəstək ilə xarakterizə oluna bilər.
Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında hər iki dövlətin prezidentləri tərəfindən müxtəlif sahələrə aid imzalanmış sənədlər iki ölkənin gələcək fəaliyyətinin perspektivlərini müəyyən edəcək və inkişafa təkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu səfər tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir.
Prezident İlham Əliyev çıxışlarında bu fikirləri də böyük inamla qeyd etdi ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Ona görə ki, Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən humanitar forumlar, konfranslar, yüksək səviyyəli iclasların gündəliyində dünyada sülh prosesinin irəli aparılması, ədalətin bərqərar olunması dayanır. Bir müddət əvvəl ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizə aparmaqdır. Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir. İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında əlaqələrin uğurlu inkişafı səfər çərçivəsində atılan addımlarda özünün aydın ifadəsini tapdı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Somali ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Xatırladaq ki, iki ölkə arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilib.
İndi hər iki ölkə mövcud potensiallardan istifadə edərək, ikitərəfli əlaqələri inkişaf etdirmək istəyirlər. Bunun üçün zəruri şərait də var. Neft və enerji, təbii ehtiyatlar, ictimai xidmətlər sektoru, təhsil, turizm, humanitar elmlər və digər sahələrdə tərəflər sıx əməkdaşlıq münasibətləri yarada bilərlər.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. Vurğulamalıyıq ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Mühüm dövlətlərarası sənədlərin imzalanması və müvafiq göstərişlərin verilməsi belə deməyə əsas verir ki, yaxın aylarda Azərbaycan və Somali arasında təmaslar intensivləşəcək.
Beləliklə, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Afrika ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu baxımdan Somali ilə dost əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Hasan Şeyx Mahmudun Azərbaycana tarixi səfəri də ikitərəfli əməkdaşlığın səhifəsini açdı. Şübhə yoxdur ki, ölkələrin dost əlaqələr qurmaq istəyi bu əməkdaşlıq səhifəsini dolğun, hər iki xalqın mənafeyinə uyğun siyasi-iqtisadi, eləcə də humanitar layihələrin reallaşdırılması ilə zənginləşdirəcək.
Anar Məmmədov,
Milli Məclisin deputatı