AZ

Azərbaycan qlobal problemlərin həllində aparıcı aktorlardan biri kimi çıxış edir - EKSPERT

Azərbaycanın beynəlxalq siyasətdə artan rolu və COP29-a ev sahibliyi etməsi ölkənin dünya miqyasında mövqeyini möhkəmləndirib. Beynəlxalq siyasətdə artan rol Prezident İlham Əliyevin Çin televiziyasına müsahibəsidə açıq təsvir olunur. 2024-cü il Azərbaycanın beynəlxalq arenada qlobal səviyyədə qərarların qəbul edildiyi, qlobal gündəliyin müəyyən edilməsində aktiv iştirak edən bir ölkəyə çevrilmə prosesində həlledici bir il oldu. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) İdarə Heyətinin sədri Ramil İskəndərli bildirdi.

O, Prezident İlham Əliyevin Davosda Çin telekanalına verdiyi müsahibəni xatırladaraq, Azərbaycanın COP29-a ev sahibliyi etməsinə dünya ictimaiyyətinin yekdil dəstəyinin təsadüfi olmadığını bildirib. Prezident İlham Əliyevin sözlərini sitat gətirən R.İskəndərli vurğuladı ki, Azərbaycan bundan əvvəl 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir və bu, ölkəmizin beynəlxalq əməkdaşlıq və dostluğa əsaslanan siyasətinin dəstəkləndiyini göstərir.

COP29-un uğurlu keçirilməsində Azərbaycanın liderliyini qeyd edən Ramil İskəndərli bildirdi ki, Azərbaycan "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı ilə qlobal iqlim mübarizəsində ön sıralarda yer alır. O, Prezident İlham Əliyevin Qlobal Cənubun maraqlarını qorumaq istiqamətində atdığı addımları yüksək qiymətləndirdi: "COP29 çərçivəsində əsas məqsədlərimizdən biri Qlobal Cənub və Qlobal Şimal arasında daha möhkəm əməkdaşlıq körpülərinin qurulması idi. Qlobal Cənub ölkələrinin daha çox dəstəyə ehtiyacı var və Azərbaycan bu istiqamətdə fəal rol oynayır."

COP29-un ən mühüm nailiyyətlərindən biri olan "Yeni Kollektiv Kəmiyyət Hədəfi" qərarı haqqında danışan MQF rəhbəri, iqlim maliyyələşdirilməsinin illik 1.3 trilyon ABŞ dollarına çatdırılması üçün edilən çağırışı tarixi uğur kimi qiymətləndirdi.

Eyni zamanda, Ramil İskəndərli COP29-da vətəndaş cəmiyyətinin iştirakını xüsusi vurğuladı. O, 2024-cü ilin iyul ayında Azərbaycanın "COP29 QHT Koalisiyası"nı yaratdığını bildirərək, bu təşəbbüsün dünya üzrə geniş dəstək qazandığını qeyd etdi: "İqlim dəyişmələri ilə mübarizədə vətəndaş cəmiyyətinin rolu böyükdür. Bu məqsədlə yaradılan koalisiyamız qlobal səviyyədə unikal bir platformaya çevrildi. Artıq 95 ölkədən 500-dən çox QHT bu koalisiyaya qoşulub ki, bu da Azərbaycanın vətəndaş cəmiyyətinin beynəlxalq arenada mühüm yer tutduğunu sübut edir."

Azərbaycanın COP29-da əldə etdiyi uğurlar və qlobal iqlim siyasətində oynadığı rol, ölkənin beynəlxalq nüfuzunun artdığını göstərir. Ramil İskəndərlinin vurğuladığı kimi, Azərbaycan təkcə regional deyil, həm də qlobal səviyyədə qlobal problemlərin həllində aparıcı aktorlardan biri kimi çıxış edir.

Yaqut Ağaşahqızı,”İki sahil”

Seçilən
31
ikisahil.az

1Mənbələr