AZ

"Sonuncu pillə barədə düşünmürük"

"Sumqayıt"ın müdafiəçisi Rövlan Muradov Premyer Liqanın 22-ci turunda "Şamaxı"ya məğlub olduqları (0:1) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Məğlubiyyəti necə şərh edərdin?

- Gözlədiyimiz kimi çətin keçdi. Ağır qarşılaşma oldu. Ayxan müəllim yaxşı komanda formalaşdırıb. Həm də evdə oynayırdılar. Qışdan sonra bir qədər də fərqli oynayırlar. Qələbə üçün gəlmişdik, amma alınmadı.

- Qələbə üçün nə çatmadı?

- Əfsuslar olsun ki, qol imkanlarından yararlana bilmədik. Sadə səhvdən qol buraxdıq.

- Birinci yarıda yaxşı oyun keçirdiniz. Fasilədə nə baş verdi ki, davamını gətirməyi bacarmadınız?

- Açığı, fərqli nəsə baş vermədi. Konsetrasiyanın ani aşağı olması belə sonluğa gətirdi. "Şamaxı" qol vuranda sonra daha diqqətli oynadı. Buna rəğmən sonda fərqlənmək fürsəti yenə yarandı. Lakin top dirəkdən qayıtdı. Nə etmək olar? Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Yeni ildə hələ qalib gələ bilməmisiniz. Üzərinizdə psixoloji gərginlik var?

- Düşünmürəm belə olsun. Bu gün də yaxşı oyun keçirdik. Düşünürəm ki, qarşıdakı oyunlarda müsbət nəticələrimiz gələcək. Komandaya inanıram.

- Sonuncu pillə ilə aradan olan fərqin azalması narahatlıq yaratmır?

- Komanda şəkilində narahatlıq yaratmır. Sonuncu pillə barədə düşünmürük. Məqsədimiz hər oyun qələbə qazanmaq və üst pillələrə qalxmaqdır. "Sabah"la da xal fərqimiz az idi. Bugünkü qələbə ilə fərqi azalda bilərdik. Lakin olmadı. Sonuncu pillədən çox üst pillələri düşünürük. Sonuncu olmamaq barədə düşünsək gərginlik yarana bilər.

XANOĞLAN İMANOV

Seçilən
5
sportinfo.az

1Mənbələr