Avropa Komissiyası (AK) ABŞ Prezidenti Donald Trampın ticarət sahəsindəki təşəbbüslərini səhv hesab edir və əsassız gömrük tariflərinə sərt reaksiya verəcəyini vəd edir.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.
"Avropa Komissiyası ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunan "qarşılıqlı" ticarət siyasətini yanlış istiqamətdə atılan addım hesab edir. Avropa İttifaqı azad və ədalətli ticarətə qarşı əsassız maneələrə, o cümlədən tariflərin qanuni və ayrı-seçkiliyə yol verilməyən siyasətə qarşı istifadə olunduğu hallara sərt və dərhal reaksiya verəcək", - bəyanatda qeyd olunub.
Sənəddə vurğulanıb ki, Aİ bütün tərəfdaşlara fayda gətirən açıq və proqnozlaşdırıla bilən qlobal ticarət sisteminə sadiq qalır.
Avropa Komissiyası həmçinin xatırladıb ki, onilliklər ərzində Aİ ABŞ kimi ticarət tərəfdaşları ilə dünya üzrə tariflərin və digər ticarət maneələrinin azaldılması istiqamətində işləyib. Qaydalara əsaslanan ticarət sistemində öhdəliklər vasitəsilə bu açıqlıq gücləndirilib. Aİ hesab edir ki, indi ABŞ bu öhdəlikləri pozur.