Bank Respublika AQC-nin Bank Ekspertlər Şurasına qoşulub“Bank Respublika” ASC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər Şurasında təmsil olunmaq barədə qərar verib.
Hafta.az-ın yazdığına görə, AQC-nin müraciətinə cavab olaraq “Bank Respublika” tərəfindən bankın Qiymətləndirmə şöbəsinin müdiri Fuad Abdullayev Bank Ekspertlər Şurasına üzv olmaq üçün təklif edilib. Bu barədə “Bank Respublika”dan göndərilən məktubda bildirilir:
“Ölkəmizdə qiymətləndirmə sahəsində peşəkarların bir araya gətirilməsi və bu sahənin inkişafına töhfə vermək məqsədilə atdığınız addımları yüksək qiymətləndiririk. Bank Ekspertlər Şurasının yaradılması ilə bağlı təşəbbüsünüzü alqışlayır və bu sahədə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini anlayırıq”.
Fuad Abdullayev AQC sədri Vüqar Oruc tərəfindən Bank Ekspertlər Şurasının üzvlüyünə təyin edilib.
Qeyd edək ki, AQC-nin tərkibində Bank Ekspertlər Şurası 2024-cü ilin sentyabr ayında yaradılıb. Şuranın üzvləri Azərbaycanda fəaliyyət göstərən 15 bank tərəfindən təklif edilmiş nümayəndələrdir. “Bank Respublika” ASC-nin də qoşulması ilə Şuraya üzv olan bankların sayı 16-a çatdırılıb. Bank Ekspertlər Şurasının rəhbəri “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqovdur.