Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) əməkdaşlığı çərçivəsində Bakıdan sonra regionlardakı yerləşmə yerlərinin üzərindəki reklam lövhələrinin monitorinqinə başlanılır. Bu haqda razılıq hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə əldə edilib. Bildirilib ki, bu mərhələdə monitorinqlər Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mİngəçevir və Xankəndi şəhərlərində həyata keçiriləcək. Həmin ərazilərdə ümumilikdə 160-dan çox yerləşmə vasitəsi sertifikatlaşdırılma üçün audit olunacaq.
Bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin “hotel” adından istifadə etməklə istehlakçı hüquqlarını pozmaları müəyyən edilib. İstehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb.
Keçirilən görüşdə bu istiqamətdə yaxın müddətdə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd olunduğu kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır. Qeyd edilib ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.