“Buraxılış imtahanları yaxınlaşdıqca, həm şagirdlər, həm də valideynlər üçün həyəcanın artdığını görürük. Bu dövr uşaqlar üçün təkcə biliklərini yoxlamaq deyil, həm də psixoloji cəhətdən sınanmaq mərhələsidir. Məktəblərdə ümumən psixoloji dəstək mövcud olsa da, bütün məktəblərdə bu sahədə sistemli yanaşmanın geniş şəkildə tətbiq olunmadığını etiraf etmək lazımdır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
O qeyd edib ki, biz, müəllimlər və valideynlər olaraq, uşaqlarımıza yalnız dərs və imtahanlar baxımından deyil, eyni zamanda onların ümumi rifahı və psixoloji sağlamlığı üçün də dəstək olmalıyıq.
“Dünya təcrübəsinə nəzər salsaq, müxtəlif ölkələr imtahan stressinin azaldılması üçün müxtəlif yollar tapıblar. Məsələn, Finlandiyada imtahanların sayı azaldılaraq şagirdlərin rifahı və psixoloji sağlamlığı ön planda tutulur. İngiltərədə məktəblərdə psixoloji məsləhətçilər aktiv şəkildə fəaliyyət göstərir və şagirdlərə streslə mübarizə yollarını öyrədirlər. Yaponiya isə ailələri də bu prosesə cəlb edərək, uşaqların psixoloji yükünü yüngülləşdirməyə çalışır. Bu təcrübələr bizə göstərir ki, uşaqlarımızın uğuru üçün həm məktəb, həm də ev mühiti, onların emosional dəstəyini təmin etməlidir. Son illərdə, xüsusilə xarici dil fənlərində yeni qiymətləndirmə modellərinin tətbiqi ilə imtahan nəticələrində dəyişikliklər müşahidə olunur. Pandemiya dövründən sonra bəzi şagirdlər bilik boşluqları yaşasa da, fərdi hazırlıq, ev tapşırıqları və əlavə dərs dəstəyi ilə bu boşluqları qismən doldurmaq mümkün oldu. İmtahan nəticələri tamamilə mükəmməlliyi əks etdirməsə də, prosesin inkişafı və şagirdlərin öz üzərində çalışmaları böyük əhəmiyyət kəsb edir. Valideynlər olaraq, uşaqlarımızın yanında olmaq, onlara dəstək vermək ən vacib məsələdir”.
G. Əkbərova bildirib ki, uşaqlarımıza imtahanların yalnız bir mərhələ olduğunu, nəticələrin onların bütün həyatını müəyyən etmədiyini izah etmək lazımdır: