1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanda qiymətləndirmə fəaliyyətinə dair tələblər müxtəlif dövrlərə uyğun olaraq dəyişikliyə və yenilənməyə uğrayıb.
Oxu.Az xəbər verir ki, 26.01.1993-cü il tarixli, №463 saylı "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə qiymətləndirmə sahəsində əsaslı çərçivə yaradıb, müstəqil qiymətləndiricilərin qarşısında müəyyən öhdəliklər qoyub.
2023-cü ilin dekabrında Prezident İlham Əliyevin təsdiqlədiyi 1052-VIQ saylı "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun bu sahədəki mövcud boşluqları aradan qaldırmaq məqsədi daşıyır. Yeni qanunla qiymətləndirmə fəaliyyəti tamamilə müasir standartlara uyğunlaşdırılıb və bu sahədə peşəkarlıq, şəffaflıq və etibarlılıq əsas prioritetlərdən biridir. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) təsis edilməsi də bu yeniliklərin bir hissəsidir.
AQP-nin yaradılması ilə qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi və qiymətləndiricilərin peşəkarlığına münasibətdə yeni tələblər formalaşdırılıb. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən peşə ixtisas imtahanlarını uğurla keçən qiymətləndiricilər artıq palatanın üzvü olmaq üçün müraciət edə bilərlər. Bu, sahə üzrə daha yüksək keyfiyyətli xidmətlərin təmin olunmasına, həmçinin qiymətləndirmə fəaliyyətinin peşəkar standartlara uyğunluğunun təmin edilməsinə imkan verəcək.
Qanunun tələblərinə uyğun olaraq, 17 fevral 2025-ci ilə qədər qiymətləndiricilərin, həmçinin qiymətləndirici təşkilatların yeni reyestrinin formalaşdırılması prosesi yekunlaşacaq və bu zaman yalnız palatanın üzvü olan, yəni imtahanlardan müvəffəqiyyətlə keçən qiymətləndiricilərin fəaliyyəti etibarlı sayılacaq. Bu dəyişikliklər bazarda qeyri-peşəkar qiymətləndirmə ilə məşğul olan şəxslərin fəaliyyətinə məhdudiyyətlər qoyulmasına və daha güclü nəzarət mexanizminin qurulmasına imkan yaradacaq. Qiymətləndirmə sahəsində bu cür ciddi islahatlar yalnız müasir dövrün tələblərinə cavab vermək üçün deyil, həm də bazarda şəffaflığın və etibarlılığın artırılması məqsədini güdür. Azərbaycan yeni qanunla beynəlxalq standartlara uyğun qiymətləndirmə xidmətləri göstərən bir ölkə olaraq inkişafını davam etdirəcək. Beləliklə, qiymətləndirmə sahəsindəki bu yeniliklər ölkəmizin iqtisadi inkişafına və əmlak bazarının daha etibarlı və şəffaf şəkildə fəaliyyət göstərməsinə mühüm töhfə verəcək.