AZ

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olundu

Fevralın 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Publika.az xəbər verir ki, Sahibə Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini bildirib.

Sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəni təqdim edib.

Bildirilib ki, 2024-cü il Azərbaycan üçün mühüm və əlamətdar ictimai-siyasi hadisələrlə zəngin olub.

Qeyd olunub ki, ötən il ərzində yerli özünüidarəetmənin inkişafı məsələləri diqqətdə saxlanılıb, bələdiyyələrin fəaliyyətində qanunçuluğa əməl edilməsi, qanunvericiliyin tələblərinin pozulması hallarının, onları yaradan səbəblərin aradan qaldırılması, bələdiyyələrə göstərilən metodoloji köməkliyin gücləndirilməsi istiqamətində işlər davam etdirilib.

Diqqətə çatdırılıb ki, hesabat ilində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 102 min 831, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2557 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 99 min 838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ-hüquqi aktların tələblərinə zidd olan 2594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib. Ümumilikdə həm aktlar həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı 2600-dən çox aktın dəyişdirilməsi və ya ləğv edilməsi təklif olunub. Bələdiyyələrin fəaliyyəti ilə bağlı baxılmış 4337 müraciətdən 463-ü təmin edilib. Şəhid ailəsi üzvlərinin, müharibə əlili və iştirakçılarının müraciətləri xüsusilə nəzarətdə saxlanılıb və belə müraciətlərdən 108-i təmin olunub.

Bildirilib ki, ölkəmizdə yerli özünüidarəetmənin səmərəliliyinin artırılması məqsədilə 2024-cü il ərzində Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən Prezident Administrasiyası, Milli Məclis və onun aidiyyəti komitələri ilə sıx əməkdaşlıq davam etdirilib.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə bu komitənin rəyini diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova hesabatın ətraflı hazırlandığını, əvvəlki illərdən fərqli olduğunu, bir çox istiqamətlərdə görülən işlər, habelə gələcək planlar haqqında məlumat verildiyini bildirib.

Nazir müavini Toğrul Hüseynov müzakirələr zamanı səsləndirilən fikirlərin Ədliyyə Nazirliyi tərəfindən növbəti ildə hazırlanacaq məruzədə dəyərləndiriləcəyini və müvafiq işlərin görüləcəyini bildirib.

Sonra Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə nəzərə alınıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, layihədə normaların daha aydın və birmənalı ifadə edilməsi məqsədi ilə dəyişikliklər təklif edilir və həmin dəyişikliklər mahiyyətcə dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qeyd olunub ki, sənəddə nəzərdə tutulan dəyişikliklər texniki və terminoloji xarakter daşıyır, Qanunun mətninin ifadə tərzinin daha aydın və dəqiq olması məqsədi ilə təklif edilir.

Nurlan Həsənov Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin mahiyyəti barədə danışıb.

Hər üç qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin digər 6 məsələsi ikinci oxunuşda qanun layihələri olub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini təqdim edib.

Azər Əmiraslanov “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib.

Seçilən
14
3
publika.az

7Mənbələr