AZ

Dövlətlərarası münasibətlər sistemində mühüm hadisə


Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra dünya dövlətləri ilə münasibətləri daha səmimi, daha böyük etimadla möhkəmlənməkdədir. Bu baxımdan dünyanın müxtəlif dövlətlərinin televiziya kanalları Azərbaycanla,Azərbaycanın daxili və xarici siyasəti ilə daha səmimiyyətlə maraqlanır, Azərbaycanın istər siyasi, istərsə də iqtisadi sahədə uğurlarını dəstəkləyir. Davosda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Azərbaycanın son on illərdə apardığı uğurlu xarici siyasətin, ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatların nəticəsində ərazi bütövlüyünü tam təmin etdiyini, hazırda Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutduğunu bildirərək dedi ki, “…dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz. Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilat yekdilliklə dəstəklədi”.

Çinlə Azərbaycanın arasında Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı münasibətləri olduğunu xatırladan Azərbaycan Respublikasınını Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, ”… istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Qlobal Cənubun bir hissəsi olaraq Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”.

Çinlə Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə dinamik inkişaf etməkdədir. Bu, qarşılıqlı etimada, qarşılıqlı inama əsaslanan münasibətlərdir. Son illərdə bu iki dövlət arasında xarici siyasət şaxələnmiş siyasət kimi diqqəti çəkir. Çinin CGTN telekanalına müsahibəsində cənab İlham Əliyev bu məsələyə də diqqət yetirərək bildirdi: “Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməmizlə bağlı danışdım. Lakin, eyni zamanda, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir”.

Dövlət başçımız ABŞ-dakı dəyişikliklə bağlı narahat olmaq üçün ciddi səbəb olmadığını bildirərək dedi: “Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, əminik və nikbin fikirdəyik…”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində indi Çin şirkətlərinin təkcə xidmət və texnologiyaların təmin edilməsində deyil, həm də Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını, bu prosesin getdiyini, Çin vətəndaşları üçün viza tələbinin aradan qaldırıldığını, Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacağını da xatırlatdı…

Azərbaycan ictimaiyyəti də. Çin ictimaiyyəti də, dünya ictimaiyyəti də əmindir ki, bu müsahibə dövlətlərarası münasibətlər sistemində mühüm siyasi əhəmiyyətə malik olacaqdır...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Seçilən
28
3
newscenter.az

4Mənbələr