Fransanın “Nitsa” klubu Braziliya millisinin sabiq futbolçusu Dante Bonfim Kosta Santosla müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 41 yaşlı oyunçu daha bir mövsüm Fransa çempionatında çıxış edəcək. Əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna qədər olan təcrübəli oyunçu yeni sözləşməyə əsasən 2026-cı ilin 30 iyununa kimi “Nitsa”nın uğurları üçün çalışmağa davam edəcək.
Xatırladaq ki, Dante 2016-cı ilin avqust ayından “Nitsa”da forma geyinir. Müdafiəçi 2024/2025-ci illər mövsümündə 18 oyuna çıxıb. O, bu klubun heyətində bütövlükdə 300 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçu daha əvvəl “Bayern”, “Borussiya” (Mönhenqladbax), “Standard” (Lyej), “Volfsburq”, “Şarlerua” və “Lill” kimi klubların da şərəfini qoruyub. O, Braziliya milli komandasının heyətində meydana çıxdığı 13 oyunda 2 qol vurub.
“Transfermarkt” internet-portalı 41 yaşlı braziliyalı müdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.
