AZ

"Sony" rüblük hesabatını açıqladı - Mənfəətdə 3 %-lik artım

Yaponiyanın elektronika və əyləncə şirkəti "Sony" oktyabr-dekabr dövrü üzrə mənfəətinin 3% artdığını açıqlayıb və illik proqnozunu yüksəldib.  

Valyuta.Az Yaponiyanın "The Asahi Shimbun" qəzetinə istinadla xəbər verir ki, rüblük mənfəət 373,7 milyard yen (2,4 milyard dollar) təşkil edib ki, bu da əvvəlki ilin eyni dövründə qeydə alınan 364 milyard yenlə (2,3 milyard dollar) müqayisədə artım deməkdir.  

Üç aylıq satışlar 18% artaraq 4,4 trilyon yenə (29 milyard dollar) çatıb. Bu artım əsasən maliyyə xidmətləri, oyun və musiqi sektorlarındakı güclü nəticələrlə bağlı olub.  

Tokio mərkəzli "PlayStation" oyun konsolunun istehsalçısı aprel-dekabr dövründə mənfəətinin 21% artaraq 943,9 milyard yenə (6 milyard dollar) yüksəldiyini bildirib. Ötən ilin eyni dövründə bu göstərici 781,6 milyard yen (5 milyard dollar) idi.  

Doqquz aylıq satışlar 8% artaraq 10,3 trilyon yenə (67 milyard dollar) çatıb.  

"Sony" illik mənfəət proqnozunu noyabrda açıqladığı 980 milyard yendən (6,3 milyard dollar) 1,08 trilyon yenə (7 milyard dollar) yüksəldib.  

Bu son proqnoz, eyni zamanda, əvvəlki maliyyə ilində əldə edilən mənfəətlə müqayisədə 11% artım deməkdir.  

Şirkətin bildirdiyinə görə, proqnozun yenilənməsi əlverişli valyuta məzənnəsi və şəbəkə xidmətlərində artan satışlarla əlaqəlidir.  

Qeyd edək ki, "PlayStation 5" oyun konsolu satışa çıxarıldığı gündən bəri beşinci ilinə qədəm qoyub. Onun mümkün varisi barədə hələlik rəsmi məlumat verilməyib.  

Rəhim

Seçilən
15
valyuta.az

1Mənbələr