AZ

Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur 

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrimiz üçtərəfli Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə platformalarında da inkişaf edir

"Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük." Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə bir-birinə sıx tellərlə bağlı olan Azərbaycan və Türkiyənin birliyinin, həmrəyliyinin sarsılmazlığını nümayiş etdirir.

Prezident İlham Əliyev fevralın 13-də Türkiyənin  ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən bir daha münasibətlərimizin bugünkü mənzərəsini təqdim etdi. Bildirdi ki, bu gün dünya miqyasında ən yaxın müttəfiqlər arasında belə Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur. İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrimiz üçtərəfli platformalarda da inkişaf edir. Bu xüsusda, Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti qeyd edildi. Cənab İlham Əliyev mühüm addımları ilə daim türk dünyasının birliyinə davamlı töhfələr verir, bu birliyi böyük ailə kimi dəyərləndirir. Türk dünyasının birliyi, həmrəyliyi yolunda  inamlı addımlar ataraq oxşar mental dəyərlərə,  tarixə, eyni kökə malik xalqların yaxınlaşmasında  aparıcı rolunu həmişə davam etdirən  Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini  təsdiqləyən  tarixi faktlar çox olsa da, onların arasında özünəməxsus yeri olan, azərbaycanlı qardaşlarını  erməni-bolşevik  qırğınından xilas edən  Qafqaz İslam Ordusunun  fədakarlığı xüsusilə vurğulanır.

2018-ci ildə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda o illərdə Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordu birləşmələrinin zəfərini qardaşlıq və həmrəyliyin ifadəsi adlandıran Prezident İlham Əliyevin söylədiyi  «Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik» fikri  hər zaman  öz aktuallığını qoruyur. Sözügedən  paradda çıxış edən  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qafqaz İslam Ordusunun şəhidləri haqqında söylədiyi «Onlar fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir… Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan «Bir millət, iki dövlət» deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik» sözləri Türkiyə və Azərbaycanın birliyinə  ən gözəl nümunə kimi dəyərləndirildi.

Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, ticari əlaqələr bu gün ən yüksək zirvədədir.  Hər il  Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. İki qardaş ölkənin birgə səyinin nəticəsi olan, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən formalaşdıran  enerji-nəqliyyat layihələrinə maraq artmaqdadır.  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri,  Cənub Qaz Dəhlizi, TANAP,  Bakı-Tbilisi-Qars dəmir yolu  hər iki dövlətin birgə səyinin və siyasi iradəsinin nəticəsi olaraq  beynəlxalq və regional inkişafa  töhfəsini verir.

Ötən il Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilən D-8 təşkilatına üzv qəbul edilməsi də iki dost, qardaş ölkənin münasibətlərinə işıq saldı. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir. Bu gün Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun Cənubi Qafqaz regionunda, eyni zamanda, onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın qarantı olduğu günümüzün reallıqlarındandır.

İki qardaş ölkə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Artıq NATO standartlarına uyğun formalaşan Azərbaycan  Silahlı Qüvvələrinin beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasında olmasında da bu qardaşlığın payı vardır.  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən ötən dövr Azərbaycan-Türkiyə dostluğunun təqdimatında öz sözünü deyir. Belə ki, Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradından başlayaraq bu günədək Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ilə bağlı atılan addımlarda, mühüm hadisələrin qeyd olunmasında dünya  qardaş Türkiyəni Azərbaycanın yanında görür. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya məhz  iki ölkənin prezidentlərinin iştirakı ilə açıldı. Bu mühüm hadisəni də qeyd edək ki, 2021-ci ilin 15 iyun tarixində Azərbaycan və Türkiyənin qardaşlığının, dostluğunun, müttəfiqliyinin rəsmiləşdirilməsinə Qarabağın tacı Şuşa şahidlik etdi. Bu məkanda Şuşa Bəyannaməsi imzalandı ki, bu, Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafının yol xəritəsi oldu. 

Tarixi Zəfərimizin yaratdığı reallıqlar  iki qardaş ölkənin əlaqələrində  yeni bir sahənin vacibliyini önə çəkdi. Azərbaycan  və Türkiyə diaspor təşkilatları həqiqətlərimizin təbliğində birgə fəaliyyət göstərsələr də ortaq medianın yaranmasına böyük zərurət duyuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şanlı Qələbəmizdən  sonra Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfər edərkən imzalanan sənədlər arasında media sahəsində əməkdaşlıq Memorandumu xüsusi yer tutdu. Bu sənədə əsasən Ortaq Media Platforması yaradıldı. Türkiyə-Azərbaycan media əlaqələrinin inkişafı ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması prioritet məsələyə çevrildi. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Şuşa Bəyannaməsində əksini tapan müddəalarda da bu məqam öz əksini tapır ki, yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Təbii ki, burada informasiya sahəsində əməkdaşlıq öz sözünü deyəcək. Dövlət başçısı İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdir ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bunun özü hər şeyi deyir.

Daim  biri-birinin yanında olan iki qardaş hazırda  qardaşlığın ən yüksək səviyyədə olduğunu təsdiqləyir. İki il bundan öncə  Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı qardaş ölkəyə ilk dəstək göstərən məhz Azərbaycan oldu. Bu çağırış səsləndirildi ki, Azərbaycan qardaş ölkənin yanındadır. Cənab İlham Əliyev bu günlərdə iki il əvvəl Türkiyədə baş verən zəlzələ ilə bağlı  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda, telefon zəngində də bu məqamı xüsusi qeyd etdi ki,   «Bir millət iki dövlət» prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir. Azərbaycanın Kahramanmaraşda bərpa işlərinə töhfə verərək Türkiyənin yanında olmağından böyük qürur hissi duyuruq.

Ötən ilin fevralın 18-də dünya növbəti dəfə Azərbaycan-Türkiyə dostluğunun şahidinə çevrildi. Belə ki, cənab İlham Əliyev 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra  ənənəyə uyğun olaraq Prezident kimi ilk səfərini qardaş Türkiyəyə etdi. Prezidentlər bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğuladılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızın həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza əminliyini ifadə etdi. İki qardaş ölkənin hər bir addımı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə, əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir.

 Yeganə Əliyeva, "İki sahil"

Seçilən
22
ikisahil.az

1Mənbələr