Azərbaycanın qlobal miqyasda artan rolu Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibəsində açıq təsvir olunur
Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici mediaya müsahibələri, bir qayda olaraq regional və beynəlxalq çağırışları özündə əks etdirir. Çinin CGTN (China Global Television Network) telekanalının yanvarın 20-də İsveçrənin Davos şəhərində Prezident İlham Əliyevdən aldığı və fevralın 11-də yayımladığı müsahibə də bu qəbildəndir. Siyasi-nəzəri təhlil göstərir ki, bu müsahibə Azərbaycan-Çin münasibətlərini, həmçinin ölkəmizin mövcud xarici siyasət xəttinin motivlərini izah etməklə yanaşı, həm də qlobal siyasi proseslərdə aktual görünən bir çox suallara aydınlıq gətirir.
Azərbaycan ilə Çin arasında son illərdə əməkdaşlıq səviyyəsinin artan xətlə inkişaf etməsi bir çox mətləblərdən xəbər verir. Çin yaşadığımız əsrdə qlobal güc mərkəzi kimi özünün iqtisadi, demoqrafik potensialı ilə çoxqütblü dünyanın mühüm siyasi aktorudur. Rəsmi Pekin müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi lokomotiv ölkələrdən sayılır. Avrasiya geoməkanında, xüsusilə də Azərbaycanın mühüm təsir imkanları yaratdığı Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya bölgəsi üzrə ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin formalaşmasında Çin faktoru xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan ilə Çin arasında son illərdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri genişlənməkdədir. Üst-üstə düşən maraqlar, uzlaşan mövqelər yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Beləliklə, dinamik və işgüzar xarakter daşıyan bu əlaqələr yeni mərhələdə yeni müstəviyə qədəm qoyur. Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirib ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular.
Çin Azərbaycanın beş əsas ticarət tərəfdaşından biri hesab olunur
Milli Məclisin deputatı, Azərbaycan- Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, Azərbaycan Çin Xalq Respublikası ilə münasibətlərə xüsusi önəm verir. 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı zamanı qəbul edilmiş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında “Birgə Bəyannamə” hər iki tərəfin əlaqələrin inkişafında maraqlı olduğunu təsdiq edir.
Milli Məclisin deputatı bildirib ki, Çin Azərbaycanın beş əsas ticarət tərəfdaşından biri hesab olunur. Ötən il iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7% artaraq 3.7 milyard ABŞ dollarına çatıb: “Azərbaycan Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” təşəbbüsünə ilk qoşulan və dəstəkləyən ölkələrin sırasındadır. Çin,eyni zamanda, Orta Dəhliz layihəsinə də öz dəstəyini nümayiş etdirib. Bütün bunlar Azərbaycanın öz iqtisadi əlaqələrini diversifikasiya etmək niyyətinin və Çinlə əlaqələri gücləndirmək istəyinin ifadəsidir”.
Soltan Məmmədov iki ölkə arasında bütün istiqamətlərdə olduğu kimi, parlamentlərarası əməkdaşlığın inkişafında da mühüm nailiyyətlər əldə olunduğunu vurğuladı: “Parlamentlər arasında əlaqələr ikitərəfli münasibətlərin vacib komponentlərindən biridir. Bu baxımdan Azərbaycan Milli Məclisi ilə Ümumçin Xalq Nümayəndələri Yığıncağı çox sıx əməkdaşlıq edir. COP29 çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Parlamentlərarası İttifaqla birlikdə təşkil etdiyi parlament görüşünün yekun sənədinin müzakirəsində Çin parlamentinin üzvləri fəal iştirak etdi və bir çox maraqlı təkliflər irəli sürdülər”.
Deputat qeyd edib ki, bir neçə gün öncə Çin Xalq Respublikasında səfəri zamanı Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədr müavini ilə görüş çərçivəsində iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığa dair müxtəlif ideyalar ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin təşkil olunması ilə bağlı təkliflər müzakirə edilib: “Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu baxımdan, bizim istənilən ölkə ilə əlaqələri inkişaf etdirmək üçün imkanlarımız var. Çinin dünya iqtisadiyyatında və qlobal siyasətdə artan rolu çox vacib amildir. Eyni zamanda Çin yaşıl enerji istehsalında da zəngin təcrübəyə malikdir. Azərbaycan Çinin bu təcrübəsindən faydalanmaqda maraqlıdır”.
Bu gün Azərbaycan qonşu və digər dövlətlərlə müxtəlif sahələrdə bərabərhüquqlu, o cümlədən qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq, əlaqələri inkişaf etdirmək kimi ümumi məqsədi tam şəkildə həyata keçirir. Onu da qeyd etməyi vacib sayırıq ki, bu mürəkkəb və çoxvektorlu fəaliyyət çərçivəsində yürüdülən uğurlu xarici siyasət ölkəmizin beynəlxalq aləmin önəmli aktoruna çevrilməsinə şərait yaradır. Azərbaycanın beynəlxalq siyasətdə artan rolu Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibəsində açıq təsvir olunur.
Ölkəmiz təkcə regional deyil, həm də qlobal səviyyədə problemlərin həllində aparıcı aktorlardan biri kimi çıxış edir
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) İdarə Heyətinin sədri Ramil İskəndərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, Azərbaycanın beynəlxalq siyasətdə artan rolu və COP29-a ev sahibliyi etməsi ölkəmizin dünya miqyasında mövqeyini möhkəmləndirib. Ramil İskəndərli bu prosesin əhəmiyyətini vurğulayaraq ölkəmizin qlobal qərarların qəbul edilməsində fəal iştirak etdiyini qeyd etdi.
Həmsöhbətimiz Prezident İlham Əliyevin Davosda Çin telekanalına verdiyi müsahibəni xatırladaraq Azərbaycanın COP29-a ev sahibliyi etməsinə dünya ictimaiyyətinin yekdil dəstəyinin təsadüfi olmadığını vurğuladı: “Azərbaycan bundan əvvəl 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir və bu, ölkəmizin beynəlxalq əməkdaşlıq və dostluğa əsaslanan siyasətinin dəstəkləndiyini göstərir”.
COP29-un uğurlu keçirilməsində Azərbaycanın liderliyini qeyd edən Ramil İskəndərli əlavə etdi ki, Azərbaycan "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı ilə qlobal iqlim mübarizəsində ön sıralarda yer alır.
R.İskəndərli Prezident İlham Əliyevin Qlobal Cənubun maraqlarını qorumaq istiqamətində atdığı addımları yüksək qiymətləndirdi: "COP29 çərçivəsində əsas məqsədlərimizdən biri Qlobal Cənub və Qlobal Şimal arasında daha möhkəm əməkdaşlıq körpülərinin qurulması idi. Qlobal Cənub ölkələrinin daha çox dəstəyə ehtiyacı var və Azərbaycan bu istiqamətdə fəal rol oynayır."
COP29-un ən mühüm nailiyyətlərindən biri olan "Yeni Kollektiv Kəmiyyət Hədəfi" qərarı haqqında danışan həmsöhbətimiz, iqlim maliyyələşdirilməsinin illik 1.3 trilyon ABŞ dollarına çatdırılması üçün edilən çağırışı tarixi uğur kimi dəyərləndirdi.
Eyni zamanda, Ramil İskəndərli COP29-da vətəndaş cəmiyyətinin iştirakını xüsusi vurğuladı. O, 2024-cü ilin iyul ayında Azərbaycanın "COP29 QHT Koalisiyası"nı yaratdığını bildirərək, bu təşəbbüsün dünya üzrə geniş dəstək qazandığını diqqətə çatdırdı: "İqlim dəyişmələri ilə mübarizədə vətəndaş cəmiyyətinin rolu böyükdür. Bu məqsədlə yaradılan koalisiyamız qlobal səviyyədə unikal bir platformaya çevrildi. Artıq 95 ölkədən 500-dən çox QHT bu koalisiyaya qoşulub ki, bu da Azərbaycanın vətəndaş cəmiyyətinin beynəlxalq arenada mühüm yer tutduğunu sübut edir."
Azərbaycanın COP29-da əldə etdiyi uğurlar və qlobal iqlim siyasətində oynadığı rol, ölkənin beynəlxalq nüfuzunun artdığını göstərir. Ramil İskəndərlinin vurğuladığı kimi, Azərbaycan təkcə regional deyil, həm də qlobal səviyyədə qlobal problemlərin həllində aparıcı aktorlardan biri kimi çıxış edir.
Yaqut Ağaşahqızı, “İki sahil”