AZ

Faktlar danışır: Ermənistanın sülh oyunu arxasında silah alışı - VİDEO

Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda Ermənistanın müdafiə naziri Suren Papikyanın Hindistana səfərinin əsas məqsədindən bəhs olunub.

Ermənistanın baş naziri və xarici işlər nazirinin saxta sülhpərvər görüntü altından yürütdüyü səylərlə artıq Dehlidən İrəvana daşınan "Akaş" və "Pinaka" kimi Bollivud silahlarından sonra Suren Papikyanı bu ölkəyə çəkən bu dəfə "BrahMos" və "Astra" kimi tanınan hind raketləridir.

S.Papikyanın hazırda müştəri çıxdığı "BrahMos" raketləri məşhur Brahmaputra çayı və Moskva şəhərinin ad birləşməsini ifadə etməklə Rusiya və Hindistanın müştərək istehsal məhsuludur. Quru, dəniz və hava platformalarından buraxıla bilən bu raket ortamənzilli səsdən sürətli silahlar kateqoriyasına aiddir. Hətta 2022-ci ilədək o, dünyada yeganə səsdən sürətli qanadlı raket hesab edilirdi. Hava bazasından istifadə versiyasında döyüş başlığı 200-300 kiloqram olan raket 10-15 kilometr hündürlükdən hərəkət edə, 500 kilometr məsafədəki hədəflərə zərbə endirə bilir.

S.Papikyanın arxasınca Hindistana getdiyi "Astra" raketləri "hava-hava" kateqoriyasındandır. Bu raket ailəsinin ayrı-ayrı nümunələri 500 metrdən 345 kilometrədək məsafədə vizual olaraq görünən və görünməyən hədəflərə zərbə endirmək imkanına malikdir.

Beləliklə, sadalanan faktlardan da göründüyü kimi, bütün saxta sülhpərvər bəyanatlarına baxmayaraq, rəsmi İrəvan revanş məqsədli fəaliyyətini durmadan artırmaqla Birləşmiş Ştatlar və Fransa ilə yanaşı, Hindistandan da silah təminatını ciddi səylərlə davam etdirməkdədir. Sözügedən bəyanatlar yalnız Azərbaycanın "başının altına yastıq" qoymaq niyyəti daşıyır.

Bunu Ermənistanın öz ordusunu gücləndirmək üçün hələ xeyli əvvəldən ayırdığı büdcənin həcmi də sübut edir. Nikol Paşinyanın erməni parlamentinin 13 sentyabr 2022-ci ildəki toplantısı zamanı elan etdiyinə görə, bu rəqəm 10 il üçün düz 12 milyard dollar təşkil edir.

Daha ətraflı "Baku TV"nin süjetində:

Mənbə: oxu.az

Seçilən
11
1
oxu.az

10Mənbələr