Son zamanlar sosial şəbəkələrdə müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi ilə bağlı məlumatlar yayılır. Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən dəfələrlə müvafiq tədbirlər aparılsa da, sosial şəbəkələrin müxtəıif səhifələrində qumar oyunları ilə bağlı reklam lövhələrinə rast gəlinir. Valideynləri ciddi narahat edən məsələ yenidən aktuallaşıb. Onları narahat edən səbəb isə övladlarının bu təhlükədən necə qorunmasıdır.
Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Vüsal Cəfərov qanunvericilidə bununla bağlı qadağaların mövcud olduğunu qeyd edib:
“İdman-mərc oyunları, lotereyaların reklamı, kütləvi informasiya, telekomnukasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Ancaq, buna təşkilatlar tərəfindən xüsusi icazə verilməlidir. Lakin, qanunvericilikdə qeyd edilir ki, idman - mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı, uşaq və təhsil müəssisələrindən azı yüz metr məsafədə olan reklam daşıyıcılarında yerləşdirilməlidir.
Ümumiyyətlə bu qaydaların pozulması inzibati məsuliyyətə səbəb olur. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən qayda pozuntusu törətmiş fiziki şəxslər 3000 manat, vəzifəli şəxslər 7000 manat, hüquqi şəxslər isə 40000 manat məğləbində cərimə edilə bilər”.
Vüsal Cəfərov valideynlərə sosial şəbəkələrlə bağlı xəbərdarlıq edib:
“Qanunvericilikdə hesab edirik ki, kifayət qədər tənzimləmə mövcuddur. Bu vəziyyətdə çalışmaq lazımdır ki, yetkinlik yaşına çatmayan uşaqlara nəzarət valideynlər tərəfindən olunsun, onlara uşaqlar üçün nəzərdə tutulmuş proqramlar vasitəsilə oyun oynamağa icazə verilsin və bu cür reklamlardan uşaqları qorumaq üçün ciddi tədbirlər görülsün.”