Millət vəkili Tural Gəncəliyev: İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması 30 il ərzində Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmasının və insanlıq əleyhinə törətdiyi cinayətlərin danılmaz sübutlarındandır.
1987-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və bir il sonra həyata keçirməyə başladığı işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilmişdi. Azərbaycana qarşı hərbi təcavüz davam etdiyi müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilmiş, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilmiş, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə məruz qoyulmuşdur. Bütün bu kimi hallar xeyli sayda soydaşımızın itkin düşməsinə səbəb olmuşdur. Bununla bağlı bugünədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyətlərinin nümayəndələri dəfələrlə təkzib edilməz faktlar əsasında müxtəlif beynəlxalq təşkilatlara müraciətlər ediblər.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində 3977, Vətən müharibəsində isə 6 nəfər itkin düşmüş, əsir-girov götürülmüş şəxs hesab olunur. Amma Ermənistan hələ də onların taleləri, həmçinin kütləvi məzarlıqların dəqiq yerləri barədə heç bir məlumat vermək istəmir. Bununla da haylar dünyanın gözü qarşısında beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina edirlər. Halbuki, Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, soydaşlarımızın taleyi barədə məlumatları gizlətməməli, onları qarşı tərəfə təqdim etməlidir. Bu kimi problemlərə baxmayaraq, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası onların talelərinin müəyyənləşdirilməsi istiqamətində zəruri addımları atmaqda davam edir.
Fevralın 7-də Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutub. Görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Şübhəsiz, bu məsələdə ötən ilin sonlarında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsinin rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılması önəmli rol oynayıb. Bunu Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirmək olar.
Milli Məclisin deputatı Tural Gəncəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu istiqamətdə əməli işlər görür: “İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bunu bir daha təsdiq edir. Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesində də yeni dəlillər ortaya çıxmaqdadır.
Şübhəsiz, bu kimi faktlar 30 il ərzində Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmasının və insanlıq əleyhinə törətdiyi cinayətlərin danılmaz sübutlarındandır. Amma bəşəri cinayətlər törətmiş Ermənistan bu gün utanıb-qızarmadan bu kimi məsələlərdə ölkəmizi ittiham etməyə çalışır”.
Müsahibimizin sözlərinə görə, Ermənistan əsir və girov götürülmüş soydaşlarımızın taleyinə aydınlıq gətirməyi qulaqardına vursa da, müxtəlif bəhanələrlə məsələyə destruktiv mövqedən yanaşsa da, Azərbaycan öz haqq işini davam etdirir və bu məsələdə israrlıdır: “Bu istiqamətdə atılan növbəti addım da bir daha bundan xəbər verir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsindəki bu fikri də xatırlatmaq istərdim. Dövlətimizin başçısı bildirib ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu, biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Şübhəsiz, beynəlxalq normalar çərçivəsində siyasət yürüdən, bir çox ilklərə imza atan dövlətimizin başçısı bu məsələnin də çözülməsinə nail olacaq. Bununla da haqq-ədalət öz yerini tapacaq”.
Qvami Məhəbbətoğlu, “İki sahil”