Bakı, 15 fevral, AZƏRTAC
14 fevral - "Beynəlxalq Kitab Bağışlama Günü" təqvimin ən gənc bayramı kimi dünyanın bir çox ölkələrində qeyd edilir.
Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə dünyada geniş dəstək qazanıb. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər müxtəlif ölkələrdən olan bloqerlər birlikdə hərəkət edərək insanları 14 fevralda “uşaqlara kitab bağışlamağa” çağırıb. Bununla da dünyanın bir çox ölkəsində təqvimin bu tarixi “Beynəlxalq kitab bağışlama günü” kimi qeyd olunmağa başlayıb. Bu, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan xeyirxah insanları birləşdirən bir gündür.
AZƏRTAC xəbər verir ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, millət vəkili Cavanşir Feyziyevin dəstəyi və təşəbbüsü ilə bu gün Xankəndinə - Qarabağ Universitetinin tələbələrinə, Füzuli və Zəngilan rayonlarının məktəblilərinə, Naxçıvan Muxtar Respublikasının orta məktəblərinə və eləcə də respublikamızın bir sıra rayon və qəsəbələrinin orta məktəb kitabxanalarına kitab bağlamaları hədiyyə göndərilib. Qarabağ Universitetinə göndərilən kitabların əsas hissəsini ali məktəb dərslikləri və dərs vəsaitləri, məktəblilərə göndərilən bağlamaların əsasını isə daha çox dünya ədəbiyyatı, bədii oxu materialları, riyazi bilikləri, məntiqi zəkanı inkişaf etdirən mental arifmetika kitabları təşkil edir. Məqsəd yeniyetmə və gənclərdə mütaliəyə, təhsilə, elmi axtarışlara həvəs yaratmaq, onların mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün, bilgi və düşüncə dairəsinin genişləndirilməsi istiqamətində kitablara olan marağı artırmağa çalışmaqdır.
Fond rəhbərliyinin təşəbbüsü məktəblilər tərəfindən sevinc, kitabxana rəhbərləri tərəfindən alqışlarla qarşılanıb.