“Oyun çox maraqlı keçdi. MOİK son saniyəyə kimi oynayan komandadı. Bunu son iki oyunlarında da geridönüşləri ilə göstəriblər”.
Bunu İdmanxeber.az-a açıqlamasında “Karvan”ın futbolçusu İbrahim Qədirzadə deyib.
Təcrübəli yarımmüdafiəçi MOİK-lə matçda qazanılan qələbənin vacibliyinə də toxunub:
“Onlarla oyunda erkən qollar vurmağımıza rəğmən dayanmırdılar, yaxşı mübarizə aparırdılar. Son oyunlarda xallar itirmişdik. Bu görüşdə qələbə vacib idi. Bu matç da geridönüş etmək üçün son şansımız idi ki, ikinci pillədəki yerimizi qoruya bilək. Belə də oldu və vacib 3 xal qazandıq”.
Yevaxl təmsilçisinin futbolçusu AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısında Premyer Liqaya iki komandanın gələcəyi ilə bağlı qərarına da münasibət bildirib:
“Bu qərardan sonra nəinki biz, digər komandaların da istəyi azı 2-ci pilləni tutmaqdı ki, Premyer Liqaya vəsiqə qazansınlar. Bu qərardan sonra I Liqada oyunlar əvvəlkilərdən fərqli olaraq gərgin və maraqlı keçir. Hazırda 3-cü pillə ilə xal fərqimiz 5-di. Bu bizi rahatlaşdırmır. Maksimum nəticələr qazanmağa çalışacağıq ki, hədəfimizə nail ola bilək”.
“Komanda Premyer Liqaya vəsiqə qazansa, səni bu heyətdə də görəcəyikmi?” sualına belə cavab verdi:
“Layiq olanlar komandada qalacaq. Etimad göstərsələr əlimdən gələni edəcəm. Özümü Premyer Liqada oynayacaq gücdə hesab edirəm”.