AZ

Bu məşhur azərbaycanlıların adı Bakıdan silinir – SİYAHI

Azərbaycanda böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bu barədə məlumat Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Məlumdur ki, Azərbaycan tarixində adı ziddiyyətli şəxslər kimi qalan insanlar var. Məsələn, Nəriman Nərimanov. Onun adına Bakıda rayon, metro stansiyası var. Bundan başqa, paytaxtın ən görkəmli yerində heykəli də qalır.

Eyni zamanda Əliheydər Qarayevin, Qəzənfər Musabəyovun, Ayna Sultanovanın, Ruhulla Axundovun, Mirzə Davud Hüseynovun, Bünyad Sərdarovun, Dadaş Bünyadzadənin də adına küçələr hələ qalır. Maraqlıdır ki, Prezidentin sərəncamından sonra sadaladığımız şəxslərin adına olan küçə və prospektlərin, metro stansiyalarının adının dəyişdirilməsi məsələsi gündəmə gəlib.

Müzakirələrin nəticəsi ola bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə Nəriman Nərimanova qarşı münasibətin birmənalı olmadığını qeyd edib.

yalcin

O deyib ki, digərlərinə qarşı da cəmiyyətdə fikirlər eynidir:

“Tariximizdə qəhrəman, dahi şəxsiyyətlərlə yanaşı mənfi iz buraxmış, xalqa zərbə vurmuşlar da olub. Xalq Cümhuriyyətinin qurulmasında, süqutunda rolu olanları artıq hər kəs yaxşı tanıyır. Ona görə adını çəkdiyiniz insanlardan Nəriman Nərimanova qarşı münasibət birmənalı deyil. Cəmiyyətin bəzi üzvləri onun müəyyən xidmətləri olduğunu desə də, bəziləri Cümhuriyyətin süqutunda, ölkənin işğalında günahı olduğunu bildirir. Digərlərinə qarşı isə cəmiyyətin fikri eynidir və ölkəmizin işğal olunmasında, xalqımızın qanında, on minlərlə insanların repressiya qurbanına çevrilməsində əli olduqları faktlarla sübut olunub. Bütün bunlara baxmayaraq həmin şəxslərin adına küçələrin olması, abidələrinin qalması təəssüf doğurur. Bilirsiniz ki, həmin şəxslər SSRİ zamanında bizə qəhrəman kimi sırınmış, adları “əbədiləşdirilməyə çalışılmışdı”.

Politoloq hesab edir ki, müstəqillik əldə etdikdən sonra əsl qəhrəmanlarımız, tarixi şəxsiyyətlərimizlə bağlı bu zamana kimi gizlədilən bir çox məqamlar bizə agah oldu:

“Neçə-neçə qəhrəmanlarımızı yenidən öyrəndik, tanıdıq. Eyni zamanda, torpaqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması zamanı yüzlərlə qəhrəmanımız tarix yazdı. Ona görə də Bakıda, digər şəhər və rayonlarda metro və küçə adları dəyişəcəksə, Azərbaycan xalqı, eyni zamanda dövləti qarşısında zəhmətini, əməyini, canını sərf etmiş şəxslərin adı verilməlidir. Çünki kifayət qədər belə şəxslərimiz var. Onların adları əbədiləşdirilməli, gələcək nəsillərə tanıdılmalı və ötürülməlidir”.

Seçilən
10
1
konkret.az

2Mənbələr