Bu gün Misli Premyer Liqasında XXIII tur start götürür.
Offsideplus.az xəbər verir ki, günün yeganə oyunu Sumqayıtda baş tutacaq. Belə ki, eyniadlı komanda doğma azarkeşlər önündə "Zirə"ni sınağa çəkəcək. Oyun saat 19:00 başlanacaq.
Bu qarşılaşma ərəfəsində Sumqayıtın futbol həvəskarlarının əhvalı heç də yerində deyil. Çünki son turlarda komandanın zəif təsir bağışlaması, eləcə də, ötən oyunların statistikası fanatları pərişan edib. Vaqif Cavadovun yetirmələri son 6 matçda nəinki qələbə qazana, hətta qol vura bilmirlər. Ötən turda autsayderlərdən sayılan "Şamaxı"ya məğlubiyyət də məyusedici məqamlardandır.
Ümumiyyətlə, "Sumqayıt" "Zirə" qarşısında sanki tilsimlənib. "Gənclik şəhəri" təmsilçisi son 8 ev oyununda bu rəqibinin qapısına yol tapa bilmir. Həmçinin, "Zirə" axırıncı 17 "duel"ın heç birində uduzmayıb. Göründüyü kimi, bu gün "Sumqayıt"a heç də asan olmayacaq.