Bu gün Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
”Yeni Gundem” xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda gündəliyə daxil olan məsələdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev gündəliyin növbəti məsələsi olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Komitə sədri bildirib ki, layihə korrupsiyaya qarşı mübarizə üzrə səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə bir sıra normaların təkmilləşdirilməsini və yeni normaların əlavə edilməsini nəzərdə tutur. Layihədə “korrupsiya” anlayışının yeni redaksiyada verilməsi təklif edilir. Belə ki, korrupsiya dedikdə vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində “korrupsiya riski”, “korrupsiya risklərinin idarə edilməsi” və “səlahiyyətli struktur bölmə (şəxs)” kimi yeni anlayışların da əlavə edilməsi təklif edilir.
Komitə sədri bildirib ki, təklif edilən dəyişikliklər əsasən üç aktual istiqaməti əhatə edir: orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqlarının müdafiəsinə dair normativlərin təkmilləşdirilməsi, dövlət orqanlarında maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyalarını həyata keçirən müvafiq struktur bölmənin təşkil edilməsi.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulur.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun, deputatlar Qüdrət Həsənquliyevin və Kamal Cəfərovun dəyişiklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.