AZ

İqtisadi inkişaf və maliyyə sektoru

Banklar, Mikromaliyyə, Sığortaçılar, Fintex və Fond Bazarı İştirakçıları  assosiasiyalarının təşkilatçılığı ilə təşkil olunan forumda iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə inklüzivliyinin gücləndirilməsi, bu sahədə maneələrin aradan qaldırılması, innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi məsələləri və   maliyyə sektorunda  qarşıda duran çağırışlar müzakirə edilib 

Toplantıda ötən ildən maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminin tətbiqinə başladığı, bu məqsədlə xüsusi tənzimləmə rejiminin internet resursu yaradıldığı və artıq həmin resursda 21 müraciətin qeydə alındığı, onlardan 4 innovativ məhsulun meyarlara uyğun seçilərək xüsusi tənzimləmə rejiminə qəbul edildiyi bildirilib.  

Qeyd edilib ki, bankların vəsaitlərinin həcmi 2024-cü ilin sonuna 53 milyard manat (2023-cü illə müqayisədə 7,8 faiz çox) olub.  Onların kredit portfelindəki artım qeyd olunan tempi 2,4 dəfə ötərək 18,5 faizə yüksəlib. Biznes kreditləri 17,2 faizlik artımla 14,8 milyard manat həcminə çatıb. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki artımı da üstələyərək 18,7 faiz olub. 

Depozit portfeli isə, təqribən, 9,1 faizlik artım ilə 37,7 milyard manat səviyyəsinə çatıb. Buna müqabil, fiziki şəxslərin depozitlərinin həcmi 13,6 faiz artaraq, 14,3 milyard manat səviyyəsinə yüksəlib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 33,6 faiz təşkil edib.        

Bildirilib ki, hesabat ilində bank sektorunun məcmu kapitalı 10,8 faiz (0,6 milyard manat) artaraq 6,2 milyard manata çatıb. Bank sektorunun kapital adekvatlığı 17,6 faiz olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12 faiz, digər banklar üçün 10 faiz) 1,7 dəfə üstələyib. Sektorun ötən il ərzində əldə etdiyi faiz gəliri 4 milyard manat, mənfəətin həcmi isə 10 milyard 44  milyon manat təşkil edib. 

 

Seçilən
10
xalqqazeti.az

1Mənbələr