AZ

“Saat yarımlıq” söhbət...

Donald Tramp Ukrayna müharibəsinə son qoya biləcəkmi?

ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibəni dayandırmaq üçün ilkin addımları atmağa başlayıb. Artıq o, rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Telefon söhbəti təxminən bir saat yarım davam edib.

Tramp danışıqların uğurlu olacağına əmindir

ABŞ Prezidenti Donald Tramp da Vladimir Putinlə “məhsuldar telefon danışığı” barədə məlumat verib və “dərhal danışıqlara başlamaq” niyyətini vurğulayıb. Ağ Evin başçısının “Truth Social” sosial şəbəkəsində yazdığınıa görə, söhbət zamanı Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt və “dolların gücü” məsələləri müzakirə edilib. Tramp vurğulayıb ki, onlar Putinlə ölkələrinin “böyük tarixini” və İkinci Dünya müharibəsindəki əməkdaşlığını xatırlayıblar. O deyib ki, xüsusi diqqət Rusiya - Ukrayna müharibəsinə yönəlib. Tramp bildirib ki, tərəflər “milyonlarla ölümü” dayandırmaq istəyir və qarşılıqlı səfərlər də daxil olmaqla sıx əməkdaşlıq barədə razılığa gəliblər.

ABŞ Prezidenti qeyd edib ki, “danışıqlar dərhal başlamalıdır”, ilk iş Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək söhbət barədə məlumat vermək olacaq: “Mən dövlət katibi Marko Rubio, MKİ direktoru Con Ratkliff, milli təhlükəsizlik müşaviri Maykl Uolts və xüsusi elçi Stiv Uitkoffa uğurlu olacağına qəti əmin olduğum danışıqlara başçılıq etməyi tapşırmışam”.

Tramp dediyi kimi, Putindən sonra Zelenski ilə telefon danışığı aparıb. Ukrayna lideri telefon söhbəti barədə açıqlamasında deyib: “Biz Rusiyanın təcavüzünü dayandırmaq və etibarlı, davamlı sülhə zəmanət vermək üçün Amerika ilə ümumi addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, gəlin, bunu həyata keçirək. Biz gələcək təmaslar və görüşlər barədə razılığa gəldik”.

Ukrayna təbii ehtiyatlarla bağlı ABŞ-la saziş imzalayacaq

Bütün bunların fonunda Ukrayna Prezidenti Voldimir Zelenski bildirib ki, ABŞ Ukraynaya təbii ehtiyatlarla bağlı müqavilə layihəsi təqdim edib və bu razılaşma Münhen Təhlükəsizlik Konfransında əldə edilə bilər. O, ABŞ-ın maliyyə naziri Skott Bessent ilə məhsuldar və konstruktiv danışıqlar apardığını, təbii ehtiyatlarla bağlı potensial müqavilənin ilk layihəsini əldə etdiyini qeyd edib: “Bilirəm ki, komandamıza Birləşmiş Ştatlardan ölkələrimiz arasında tərəfdaşlıq haqqında müqavilənin ilk layihəsi təqdim edilib. Komandamızın bu sənədi incələməsini çox istəyirəm və biz bu sənədi mümkün qədər tez incələmək və imzalamaq üçün əlimizdən gələni edəcəyik”.

Ukrayna lideri əlavə edib ki, Birləşmiş Ştatlar bizim əsas tərəfdaşımızdır: “Biz sənədin bütün detallarını öyrənmək və Münhen konfransına çatmaq üçün əlimizdən gələni edəcəyik, çünki vaxt itirmək istəmirik”.

Daha əvvəl isə “New York Post” yazmışdı ki, Ukrayna Vaşinqtonun Kiyevə göstərdiyi hərbi yardımın ödənişi kimi ABŞ-a 500 milyard dollar dəyərində nadir torpaq metalları verməyə “əsasən razılaşıb”. Zelenskinin sözlərinə görə, Ukrayna ərazilərini Rusiyadan təkcə təhlükəsizlik baxımından deyil, həm də maliyyə baxımından qorumaq vacibdir. Əks halda “nadir torpaq metalları” da daxil olmaqla vacib faydalı qazıntılar rusiyalılara pulsuz çatacaq.

Canlı təmas Səudiyyə Ərəbistanında baş tuta bilər

Yeri gəlmişkən, ABŞ və Rusiya prezidentlərinin görüşünün harada keçiriləcəyi barədə məlumatlar yayılıb. ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşünün dəqiq vaxtının hələ müəyyən edilmədiyini, lakin onun “çox da uzaq olmayan gələcəkdə” baş tutacağını güman etdiyini bildirib. Bunu Amerika lideri Ağ Evin mətbuat qrupunun jurnalistlərinə söyləyib. “Biz ilk dəfə Səudiyyə Ərəbistanında görüşəcəyik. Görək bunu necə edəcəyik”, - deyə o söyləyib. BMT isə  ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirib.  BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bu danışığı Rusiya - Ukrayna münaqişəsinin həlli yolunda atılmış müsbət addım olduğunu deyib: “Birləşmiş Ştatlar və Rusiya Federasiyasının qlobal önəmini nəzərə alaraq, BMT problemlərin həlli istiqamətində müntəzəm təmasları və bu cür diplomatik səyləri alqışlayır. Təbii ki, bu, müsbət bir haldır”.

Trampın sülh planı açıqlanacaq...

Görünən odur ki, artıq Zelenski də reallıqlarla barışır. Çünki Tramp öz çağırışlarında Ukraynanın ərazi bütövlüyünün bərpa olunmasından danışmır, sadəcə qan tökülməsinin dayandırılmasının vacibliyini vurğulayır. ABŞ-ın Ukrayna ilə bağlı sülh planının isə Münhen Təhlükəsizlik Konfransında açıqlanması gözlənilir. Belə ki, “Bloomberg” agentliyinin öz  mənbələrinə istinadən yaydığı məlumata əsasən, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması planını təqdim etməlidir.

N. BAYRAMLI

Seçilən
9
yeniazerbaycan.com

1Mənbələr