Atatürk Mərkəzində "Yüksək mədəniyyətli insan" mövzusunda kulturoloji elmi seminar keçirilib. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilən seminarda alimlər, müəllimlər, beynəlxalq təşkilatlar və fondların, səfirliklərin nümayəndələri, QHT təmsilçiləri iştirak edirdilər.
“Yüksək mədəniyyətli insan, davamlı inkişafın yenidən bərpa olunan strateji resursu kimi” mövzusunda çıxış edən Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, professor, Fuad Məmmədov bildirdi ki, Azərbaycanda kulturologiya sahəsində böyük nailiyyətlər əldə edilib. Bunun bariz nümunələrindən biri də elə bu seminardır.
Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Nizami Cəfərov dedi ki, Azərbaycan mədəniyyətinin dünyada, dünya mədəniyyətinin isə Azərbaycanda təbliği prosesləri uğurla davam edir. Bu proseslər ölkəmizin dünyada tanınması, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və Azərbaycan insanının mənəvi-mədəni inkişafı üçün çox əhəmiyyətli məsələlərdir. Biz həm maddi, həm də mənəvi mədəniyyət sahəsində çox böyük işlərin, hətta deyərdim, inqilabi işlərin görülməsinin şahidiyik.
“Bakinski raboçiy” qəzetinin baş redaktor müavini, Azərbaycan kulturoloqlar cəmiyyətinin üzvü, yaponşünas Əbülfəz Babazadə “Kulturologiya və müasir siyasi mədəniyyət kontekstində Azərbaycanın davamlı inkişaf perspektivləri” mövzusunda çıxış edərək dedi ki, mədəniyyət cəmiyyətin formalaşmasında ən vacib amillərdən biridir. O, gənclərin mədəniyyətə sıx bağlı olmasının vacibliyini qeyd edərək bildirdi ki, dövlət və QHT-lər bu istiqamətdə birgə layihələr həyata keçirməlidirlər.
“Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişafında qadınların rolu” mövzusunda danışan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva qeyd etdi ki, dünya mədəniyyətində gender problemləri mövcuddur, amma Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur və qadın hər zaman üstün tutulub: “Məsələn, müsəlman Şərqində qadına ilk seçki hüququ Azərbaycanda verilib. Mədəniyyət insan düşüncəsi, təfəkkürü nəticəsində yaranır və təbiətin çox gərəkli bir modelidir”. Məruzələrdən sonra mərasim sual-cavabla yekunlaşdı.
Rizvan FİKRƏTOĞLU
XQ