Azərbaycanda mina terrorunun qurbanları haqqında elektron fotokitab hazırlanıb. Bu barədə XQ-yə layihənin rəhbəri, “Gilavar Foto Klubu” ictimai birliyinin sədri Rəşad Mehdiyev məlumat verib. Bildirib ki, “Düyməni sıxan ayaqlar” adlanan yeni nəşr mina qurbanları mövzusunda mühüm əhəmiyyətə malik olan nadir vəsaitlərdən biridir.
Kitab 2 dildə - Azərbaycan və ingilis dillərində hazırlanıb. Fotokitabda 30 ildən artıq bir dövrdə müxtəlif vaxtlarda mina və hərbi sursatların partlaması nəticəsində xəsarət alan və həlak olan insanların fotoları, onların acı həyat hekayətləri yer alır. Vətən müharibəsindən başlayaraq 2024-cü ilin dekabr ayına kimi baş vermiş mina partlayışı hadisələri xronoloji ardıcıllıqla qeyd olunub. Kitabın statistika hissəsində isə son 4 ildə ən çox mina hadisəsi baş verən ərazilərin, kəndlərin siyahısı, ANAMA tərəfindən təqdim olunan rəqəmlər göstərilib.
Qeyd edək ki, fotokitab “Gilavar Foto Klubu” ictimai birliyinin “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində hazırlanıb. Elektron fotokitabla https://gilavar.az/fotokitab/1/book.html saytından tanış olmaq olar.
S.FİDAN
XQ