Livan Prezidenti Cozef Aun BMT sülhməramlılarına hücum edənlərin cəzalandırılacağını açıqlayıb.
APA xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.
Eyni zamanda o, hadisə nəticəsində təşkilatın Nepaldan olan əməkdaşının yaralandığını, avtomobillərə isə ciddi ziyan dəydiyini açıqlayıb. BMT-nin Livandakı missiyasının rəhbərliyi isə hadisənin ətraflı şəkildə araşdırılmasını tələb edib.
AFP-nin məlumatına görə, Hizbullah tərəfdarları iki İran təyyarəsinin Beyruta enişini qadağan edən qərara görə ardıcıl iki gecə ölkənin yeganə beynəlxalq hava limanına gedən yolu bağlayıblar.
Livan hakimiyyəti də təşkilatın hücumlarını hökumətin “Tehran – Beyrut” aviareysini bərpa etmək istəməməsi ilə əsaslandırıb.
Ötən gün rəsmi Tehran ölkəyə məxsus təyyarələrin Beyruta enişinə qadağa qüvvədə olduğu müddətdə adekvat tədbirin ləğv olunmayacağını açıqlayıb.
Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanının icraçı direktoru Səid Çələndri Mehr-ə bildirib ki, bu səbəbdən Beyruta planlaşdırılan reys ləğv edilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Livan vətəndaşlarını daşıyan sərnişin təyyarəsinin İsrail tərəfindən təhdid edilməsini Livanın milli suverenliyinə qarşı hücum və ölkənin aviasiyasına təhdid adlandırıb.
Livanın Tehrandakı səfirliyi Livan vətəndaşlarının Beyruta qayıtması üçün məsləhətləşmələr aparır.
Başverənlər İsrailin İranın SEPAH Qüds Qüvvələrinin Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə “Hizbullah”a mülki uçuşlar vasitəsilə silah-sursat və pul ötürüldüyü barədə ittihamından sonraya təsadüf edir.
Qadağa Livanda gərginliyə səbəb olub. Sosial mediada yayılan görüntülərdə “Hizbullah” tərəfdarlarının Beyrut hava limanına gedən yolları bağladığı qeyd olunub.