Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcək. Sədrlik ölkəmizə 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək.
Xatırladaq ki, 2024-cü il mayın 4-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İƏT münasibətləri
Müstəqil Azərbaycan İslam dünyasının ayrılmaz bir hissəsidir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verən ölkəmiz eyni zamanda bu coğrafiyada yerləşən dövlətləri birləşdirən beynəlxalq təsisatlarda fəal şəkildə təmsil olunur. Belə təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT). Ölkəmizin qurumda təmsilçiliyindən məmnunluğunu bildirən Prezident İlham Əliyev “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir”, - deyə vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, İslam dəyərlərinin və irsinin qorunması məqsədilə təsis edilib. Qurum 2011-ci ilədək İslam Konfransı Təşkilatı adlandırılıb. Baş qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşən qurumun hazırda 60-dək üzvü var. Təşkilat BMT yanında müşahidəçi statusa malikdir. İƏT-in fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildən bir keçirilən İslam Zirvə görüşündə verilir. Hər il keçirilən İslam ölkələri Xarici İşlər nazirlərinin konfranslarında Zirvə görüşündə qəbul edilmiş qərarların icrası nəzərdən keçirilir. Təşkilatın icraedici orqanı Baş Katiblikdir. Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib.
Ötən dövrdə Azərbaycanın müsəlman dünyasında böyük nüfuza malik dövlətə çevrilməsi ölkəmizin apardığı siyasətin məntiqi nəticəsidir. Biz dini kimliyimizlə, İslam aləminə məxsus olmağımızla qürur duyuruq. Azərbaycan, eyni zamanda, İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi İslam aləminə və bütün dünyamıza əmin-amanlıq, həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. İndiyədək İƏT-in bir sıra tədbirləri Azərbaycanda uğurla baş tutub.
Öz növbəsində, İƏT də Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini həmişə birmənalı şəkildə pisləyib. İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib. 2016-cı ildə Təmas Qrupunun təsis edilməsi İƏT-in Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir.
Dünyada nüfuzu getdikcə artan İƏT Azərbaycana növbəti birmənalı dəstəyini 44 günlük Vətən müharibəsində göstərdi. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının dost ölkələrin dəstəyini minnətdarlıq hissi ilə dəyərləndirdiyini nəzərə çatdıraraq vurğulayıb: “Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib”.
Humanitar-mədəni sahədə əməkdaşlıq
Azərbaycanın İƏT, eləcə də quruma üzv olan dövlətlərlə humanitar-mədəni sahədə əməkdaşlıq əlaqələri də getdikcə genişlənir. Azərbaycan 1991-ci ildən İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı olan və sıralarında 50-dən çox dövləti birləşdirən ICESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş sıx münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəlib. Mehriban Əliyeva - təşkilatın bu yüksək adına layiq görülmüş ilk qadın ictimai xadimdir.
Bu gün Azərbaycanın ICESCO ilə münasibətləri İslam dünyasına gözəl bir nümunədir. Bunun nəticəsidir ki, təşkilatın bir sıra mühüm tədbirləri məhz Bakıda keçirilib. Hər bir azərbaycanlı üçün çox əziz şəhər olan Şuşa 2024-cü ildə zəngin İslam mədəniyyətinin qovuşduğu bir məkan kimi diqqət mərkəzində qalıb. Ötən ilin may ayında şəhərin Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin iştirakı tədbiri xüsusilə rövnəqləndirib. Festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıblar.
Yeri gəmişkən, birinci dəfə deyil ki, Azərbaycan şəhəri İslam dünyasının mədəniyyət paytaxtı adını qazanıb. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Həmçinin ICESCO Azərbaycanın uğurlarının beynəlxalq miqyasda təbliğinə xüsusi önəm verir.
Bu günlərdə təhsil və sosial müdafiə sahəsində irimiqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondunun ICESCO və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatının qalibləri sırasında yer aldığı barədə məlumat vermişdik. Bəhs olunan mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir. Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilik uğrunda mübarizə aparıb. Heydər Əliyev Fondunun qeyd olunan istiqamətlərdə fəaliyyəti həqiqətən çox geniş əhatə dairəsinə malikdir.
MÜBARİZ