AZ

Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər – Bakı həlledici addıma gedir?

Rusiya-Azərbaycan gərginliyi davam edir. Gərginlik davam etdikcə fərqli iddialar ortaya atılır, fikirlər səsləndirilir. Ekspertlər deyir ki, proses davam edərsə Bakı radikal qərar kimi həm də MDB-ni tərk edə bilər. Lakin bu qərarın ölkəmizə heç bir müsbət divident gətirməyəcəyini düşünənlər də var.

Azərbaycan MDB-dən çıxacaqmı? Hazırkı situasiya bunu Bakı üçün prioritet edirmi? Bu qurumdan çıxmanın hüquqi, texniki tərəfləri nələrdir?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, gərginlik davam etsə də vəziyyət bu həddə deyil:

“Ümumiyyətlə, Azərbaycanın MDB-nı tərk etməsi gündəmdə deyil. Rəsmi olaraq da bu haqda nə isə deyilməyib. Məlumat üçün deyim ki, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək III MDB Oyunları keçiriləcək.

Ferhad

Fərhad Məmmədov

Hesab edirəm mövcud problem Bakı ilə Moskva arasındadır. Azərbaycan bunu MDB-yə daşımaq barədə düşünmür”.

Politoloq Rüstəm Tağızadə isə deyib ki, Azərbaycan və Rusiya arasında olan gərginliyin əsas səbəbi təyyarə qəzasıdır:

“Azərbaycan MDB-yə formal üzvdür və təşkilat çərçivəsində inteqrasiyaya dərin şəkildə qoşulmayıb. Ölkə 1993-cü ildən MDB üzvüdür, lakin 1999-cu ildə təşkilatın Parlamentlərarası Assambleyasını tərk edib və 2015-ci ildə MDB Hərbi Koordinasiya Şurasının iclaslarına qatılmağı dayandırıb. Bakı MDB çərçivəsində əsasən iqtisadi əməkdaşlıq aspektinə önəm verir və təşkilatın təhlükəsizlik strukturlarına inteqrasiya etməyib.

Rusiya ilə münasibətlərdəki gərginlik artarsa, Azərbaycanın MDB-dən çıxması məsələsi daha da aktuallaşa bilər. Lakin Azərbaycan üçün bu addımın real siyasi və iqtisadi nəticələri nəzərə alınmalıdır.

rustem

Rüstəm Tağızadə

MDB-dən çıxmaq proseduru təşkilatın Nizamnaməsi ilə tənzimlənir. Üzv ölkə təşkilatdan çıxmaq istədiyini bir il əvvəl rəsmi şəkildə bildirməlidir. Ölkənin MDB daxilində bağladığı müqavilələrin bir hissəsi qüvvədən düşə bilər və ya onlarla bağlı ayrıca razılaşmalar aparıla bilər.

İqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan MDB ölkələri ilə ikitərəfli razılaşmalar əsasında əlaqələrini davam etdirə bilər. Azərbaycanın MDB-dən çıxması qısa müddətdə reallaşacaq qərar kimi görünmür. Lakin Moskva ilə gərginlik artsa və Azərbaycan Rusiya təsirindən uzaqlaşmaq strategiyasını daha açıq şəkildə həyata keçirsə, bu addımın atılması ehtimalı yüksələ bilər.

MDB-dən çıxma prosesinin hüquqi və iqtisadi aspektləri diqqətlə nəzərdən keçirilməli, xüsusilə də Azərbaycanın MDB ölkələri ilə ticarət əlaqələrinin alternativ mexanizmlərlə davam etdirilməsi təmin olunmalıdır”.

Seçilən
28
1
turkustan.az

2Mənbələr