61-ci Münxen Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Ötən il sözügedən Konfrans xeyli işgüzar və maraqlı keçmişdi. Xüsusən Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında mühüm görüş olmuşdu. Almaniya kansleri Olaf Şolts həmin vaxt maraqlı format təşkil etmiş, liderləri görüşdürmüş, sonra görüş keçirilən otağı tərk etmişdi.
“Ermənistan-Azərbaycan dağlıq Qarabağ münaqişəsi”nin “Dağlıq Qarabağ” hissəsi bitib. İrəvanla ilə Bakı sülh müqaviləsi yolunda ciddi irəliləyişlər əldə edib. Ən önəmlisi isə rəsmi Bakı Ermənistanla danışıqların ikili müstəvidə davam etdirilməsini dəstəkləyir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağ problemi artıq həll edilib. Rəsmi Bakı Qərb siyasi dairələrinə Azərbaycanın, eləcə də, Cənubi Qafqazın problemlərinin həllində onların hər hansı əhəmiyyətinin olmadığına dair də mesaj verib. Hətta Prezident İlham Əliyev açıq mətnlə bəyan etmişdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məsələ beynəlxalq gündəmdən çıxarılmalıdır. Çünki əksər beynəlxalq siyasi iradə mərkəzlərinin vasitəçilik missiyasını ələ keçirməyə can atdığı bu məsələ yalnız Azərbaycan və Ermənistan arasında ikitərəfli təmaslarla həll olunmalıdır.
Builki konfransda Prezident İlham Əliyevin iştirakı gözlənilirmi?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, fevralın 16-dək davam edəcək konfransda beynəlxalq təhlükəsizlik və xarici siyasətlə bağlı ən vacib çağırışlar müzakirə olunacaq:
Züriyə Qarayeva
“Konfransın əsas proqramı qlobal idarəetmə, demokratik institutların dayanıqlılığı, iqlim təhlükəsizliyi və digər qlobal çağırışlarla zəngindir.
Fevralın 15-də beynəlxalq vəziyyət, regional münaqişələr və böhranlar diqqət mərkəzində olacaq. Eyni zamanda, Transatlantik münasibətlərin gələcəyi ilə bağlı mühüm müzakirələr keçiriləcək. Ölkəmiz mütəmadi olaraq bu platformada təmsil olunub. Aparılan müzakirələr praqmatik və nəticəyönümlülüyü ilə seçilib. Bu nəticələr birbaşa cənab Prezidentin siyasi nüfuzu və xarizması sayəsində formalaşıb.
Bu il Prezidentin müvafiq platformada təmsil olunub-olunmaması ilə bağlı rəsmi məlumat mövcud deyil. Lakin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirak edir.
İstənilən halda bu qərarın hansı səpkidə olması İlham Əliyevin siyasi reallıqlara adekvat şəkildə davranması əsasında veriləcək. İştirak etməyəcəksə, demək ki, bu, düzgün qərardır. İştirak edəcəksə, öncəki illərdə olan praqmatikliyi builki görüşlərdən də gözləyə bilərik”.
Turan Rzayev
Mənbə: globalinfo.az