AZ

ABŞ və Ukrayna rəsmiləri arasında ilk görüş baş tutdu – Vens və Zelenskdən açıqlamalar

Münhendə beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-nin vitse-prezidenti J.D.Vens arasında görüş keçirilib.

Danışıqlar səhər erkənə planlaşdırılıb, lakin Amerika tərəfi Vaşinqtonun tərəfdaşlıq haqqında birgə memorandumun mətninə yenidən baxa bilməsi üçün görüşü axşama təxirə salmağı xahiş edib.

Zelenski ilə Vens arasında görüş bir saatdan az davam edib. Görüşdən sonra Vens söhbətin məhsuldar keçdiyini bildirib. “Biz müharibənin bitməsini, qətllərin dayandırılmasını istəyirik, lakin biz bir neçə ildən sonra Avropada münaqişəyə deyil, davamlı sülhə nail olmaq istəyirik”, - deyə RBC-Ukrayna Vensdən sitat gətirir.

Vens həmçinin qeyd edib ki, ABŞ və Ukrayna arasında "yaxın günlərdə, həftələrdə və aylarda" daha çox danışıqlar olacaq və ümid edib ki, bu danışıqlar zamanı tərəflər uzunmüddətli sülhə necə nail olmaq üçün həll yolu tapa biləcəklər.

Zelenski isə “Putini dayandırmaq və müharibəni bitirmək” istəyini təsdiqləyib. Ukrayna Prezidenti “telegram” hesabında yazıb ki, görüşdə Vensdən başqa ABŞ-nin dövlət katibi Marko Rubio və xüsusi elçi Keyt Kelloq da iştirak edib. "Komandalarımız sənəd üzərində işləməyə davam edir", - Zelenski bildirib. O, həmçinin Kelloqun Kiyevə səfərini gözlədiyini bildirib.

Zelenski ilə Vens arasındakı görüş Ukrayna Prezidenti ilə Donald Tramp administrasiyasının nümayəndəsi arasında ilk şəxsi təmasdır. Vens Münhen konfransında iştirak edən ən yüksək vəzifəli Ağ Ev rəsmisidir. Nümayəndə heyətinə ABŞ dövlət katibi Marko Rubio və Prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da daxildir.

Rasim

“AzPolitika.info”

Seçilən
23
azpolitika.info

1Mənbələr