Azərbaycanda yeganə kolxoz aqroparka çevirilir. Bir neçə gün əvvəl Nikitin adına kolxozun bazasında yaradılacaq “İvanovka Aqropark” ASC-nin təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət rəsmiləri, Nikitin adına kolxozun üzvləri iştirak edib. Qeyd edək ki, “İvanovka Aqropark” ASC-yə Ramin Əlifov rəhbərlik edəcək.
Təqdimat mərasimində təsərrüfatda bütün sahələr üzrə hazırki vəziyyət təhlil edilib və aqroparkın inkişaf istiqamətləri, aqropark üzvlərinin sosial-iqtisadi şəraitinin daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, müasir texnologiyaların təsərrüfatda tətbiq olunması barədə danışılıb.
Modern.az-ın Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata görə, kolxozun dövlətə vergi borcu var imiş.
Belə ki, Nikitin adına kolxozun dövlətə 64336 manat vergi borcu yaranıb.
Qeyd edək ki, İvanovka sovet dövründən ölkədə qalan sonuncu kolxoza ev sahibliyi edir. 3 minə yaxın əhalisi olan kənddəki kolxozun hazırkı sədri Vasili Novoseltsevdir. O, 2015-ci ildən bu postu tutur. Kəndin kolxozu İvanovkaya 41 il rəhbərlik edən Nikolay Nikitinin adını daşıyır.