Şon Kombs (Puff Daddy) və Şon Karterin (Jay-Z) təcavüz iddiası ilə məhkəmə müraciət edən şəxs reperlərə qarşı şikayətlərini geri götürüb.
Şəxsiyyəti açıqlanmayan qadının cümə günü Manhetten məhkəməsinə verdiyi ərizədə ittihamlarını geri götürdüyü bildirilir. İddiaçı və onun vəkili Toni Buzbi işi bağlamaq qərarına münasibət bildirməyəcəklər.
Qadın 2000-ci ildə MTV Musiqi Mükafatları mərasimindən sonra təşkil edilən məclisdə P.Diddinin ona narkotik maddə içirdiyini və təcavüz etdiyini bildirərək 2024-cü ilin oktyabrında sənətçiyə qarşı iddia qaldırmışdı.
2024-cü ilin dekabrında ərizəsini dəyişdirən qadın hadisədə Jay-Z-nin də əli olduğunu iddia edərək repçiyə qarşı ittihamlar da səsləndirib. Sözügedən hadisə zamanı iddiaçının 13 yaşında olduğu bildirilib.
Jay-Z ittihamları rədd edib və vəkilləri işə xitam vermək üçün fəaliyyətə başladılar. Repçinin dekabr və yanvar aylarında iddianın rədd edilməsi ilə bağlı verdiyi ərizələr məhkəmə tərəfindən rədd edilib.
İddiaçı ittihamlarından əl çəkdikdən sonra repçi sosial şəbəkədə “Bu, qələbə günüdür” yazıb. Karter həyat yoldaşı Beyons və uşaqlarının da bu prosesdən təsirləndiyini bildirib.
Kombsun vəkilləri də “ittihamların yalan olduğu sübuta yetirildiyini” müdafiə edərək, “Bu yalan iddialara qarşı mübarizəmizi davam etdirəcəyik”, – deyiblər.
Sentyabr ayında seks alveri, şantaj və fahişəlik şəbəkəsi idarə etmək kimi ittihamlarla həbs edilən repçi Şon Kombsun işi Amerika mediasında “yeni Epstein işi” kimi qiymətləndirilir.
Şon Kombsa qarşı hazırlanan ittihamnamədə repçi tərəfindən “qadınların cinsi istismara məruz qaldığı, döyüldüyü və hədələndiyi” və cinayət şəbəkəsi qurduğu iddia edilir. Repçinin Nyu-Yorkda yerləşən “Combs Enterprise” şirkəti ən azı 2008-ci ildən bəri cinayətkar bir müəssisə kimi fəaliyyət göstərdiyi iddia edilir və Puff Daddy qadınları “romantik münasibətlər qurmaq bəhanəsi ilə” şirnikləndiririb.
Bruklin həbsxanasında saxlanılan Şon Kombsun məhkəməsi mayın 5-də olacaq.