Fevralın 11-də "Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubunun adına aydınlıq gəlib.
35 yaşlı yarımmüdafiəçi Braziliyada - "Primavera"da çıxış edəcək.
Azərbaycan millisinin sabiq üzvü ilə imzalanan müqavilənin müddəti 5 ay +1 ildir.
Yarımmüdafiəçi aşağı liqada ən ödənişli oyunçulardan biri statusuna yiyələnməyib. Aylıq məvacibi 6000 dollar civarında olacaq.
Bu, indiki məqamda "Ağsaqqal" ləqəbli yaşlı futbolçunu qətiyyən narahat etmir.
Onsuz da, bəs qədər pulu var. Azərbaycanla yanaşı, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində kifayət qədər böyük pullar qazanıb.
Almeydanın düşündürən əsas məsələ oyun praktikası qazanmaqdır. Çünki hələ karyerasını başa vurmaq istəmir.
Daha 2-3 il yaşıl meydanlarda görünmək niyyətindədir. "Primavera" ona belə bir imkan yaratmağı öz üzərinə götürüb.
Riçard daim əsas heyətdə şans alacağı vədi ilə məhz bu klubla münasibət qurub.
"Primavera" hazırda A2 liqasında mübarizə aparır və turnir cədvəlində 19 xalla 2-cidir.
2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"ın formasını geyinən Riçard 376 oyunda 64 qol vurub. Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib.
9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
SPORTİNFO.AZ