AZ

Paulo Dibala yenə sıradan çıxdı

“Roma”nın argentinalı hücumçusu Paulo Dibala Avropa Liqasnın 1/16 finalında “Portu” ilə səfərdə baş tutan ilk oyunda (1:1) zədələnib.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, oyunun 20-ci dəqiqəsində “əjdahalar”ın argentinalı dayaq yarımmüdafiəçisi Alan Varela “canavarlar”ın hücumçusunun dizinə zərbə endirərək, xəsarət yetirib. Yerə yıxılmış Dibalaya həkimlər bir neçə dəqiqə ərzində yardım göstərsələr də, italyan baş məşqçsi Klaudio Ranyeri oyunun 40-cı dəqiqəsində argentinalı futbolçunu əvəzləmək qərarına gəlib.

Dibalanın zədəsinin ağırlıq dərəcəsi əsaslı müayinələrdən sonra məlum olacaq. Cari vəziyyətə görə, Dibalanın sıradan çıxıdığı, qayıdışı ilə bağlı təxminin isə qeyri-müəyyən olduğu vurğulanır.

Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlayan Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “Qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb.

Cari mövsümdə Dibala “canavarlar”ın heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Dibalanın “Roma”nın heyətində çıxışının ümumi mənzərəsi isə 107 oyun, 40 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.

Paulo Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 40 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı argentinalı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
4
arena.az

1Mənbələr