AZ

Rəşad Nəbiyev: “Bu yarış ölkəmizdə cüdonun populyarlaşmasına mühüm töhfə olacaq” - FOTO

Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti (İJF) Marius Vizer və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycanda idman sahəsində, eləcə də cüdoda qazanılmış nailiyyətləri əks etdirən videoçarx göstərilib.

Ardınca Rəşad Nəbiyev “Böyük Dəbilqə”nin əhəmiyyətindən danışıb. O bildirib ki, bu nüfuzlu yarışın Azərbaycanda keçirilməsi ölkəmizdə cüdonun populyarlaşmasına mühüm töhfə olacaq. “Böyük Dəbilqə” güclü idmançıları bir yarışda toplamaqla yerli idmançıların öz güclərini sınamasına şərait yaradır. Ötən il Azərbaycan cüdosu üçün olduqca uğurlu il olub. Həm Hidayət Heydərov, həm də Zelim Kotsayev dünya çempionatında və Olimpiadada qızıl medal qazanıblar. Bu uğurların əsasında cənab prezidentin idmana göstərdiyi qayğı dayanır. Məhz onun tapşırığına uyğun olaraq, bizim əsas hədəfimiz beynəlxalq arenada medallar qazanmaq yox, həm də ölkəmizdə cüdoda yeni nəsil yetişdirməkdir”.

O, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə də Azərbaycana etimad göstərdiyi üçün təşəkkür edib: “İnanıram ki, bu tədbir yüksək səviyyədə keçəcək. Bütün idmançılara uğurlar arzulayıram".

Marius Vizer çıxışında bildirib ki, Azərbaycanda cüdo gündən-günə inkişaf etməkdədir: "Başda Rəşad Nəbiyev olmaqla, bütün Azərbaycan cüdo ailəsini Parisdə qazanılmış uğurlara görə təbrik edirəm. Cüdonun təşviqi istiqamətində görülən işlərə görə sizlərə təşəkkür edirəm. Bu turnirdə iştirak edən idmançılara uğurlar arzulayıram. Azərbaycandan zövq alın".

O, daha sonra yarışı açıq elan edib.

Bundan sonra isə Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, “Böyük Dəbilqə”yə 36 ölkədən 258 cüdoçu qatılıb. Yarışa sabah yekun vurulacaq.

Aytac Sahəd
İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr