AZ

Anton Krivotsyuk yeni mövsümün ilk matçında bir hissə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) yeni mövsümünün ilk turu çərçivəsində “Pohanq”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun Krivotsyukun komandasının qələbəsiylə yekunlaşıb – 3:0.

Anton bu görüşə start heyətdə başlayıb. Millimizin müdafiəçisi fasilədə, hesab 1:0 olarkən əvəzlənib.

“Daejeon Hana Sitizen” hələlik 1 oyuna topladığı 3 xalla 12 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 62 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.

Seçilən
59
3
arena.az

4Mənbələr