Bakıda Litva dövlətinin bərpasının 107-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə öncə Litvadan gəlmiş Çiurlionis Simli Kvartetinin ifasında Azərbaycan və Litvanın dövlət himnləri səsləndirilib.
Hafta.az-ın yazdığına görə, daha sonra Litvanın ölkəmizdəki səfiri Kestutes Vaskeleviçus çıxış edərək qeyd edilən bayram gününün tarixindən söz açıb. Diplomat qeyd edib ki, Litva məhz bu gün əfsanəvi Simurq quşu kimi yenidən doğulub və 16 fevral 1918-ci ildə tarixi kökləri 13-cü əsrdə mövcud olmuş Litva Krallığı dövrünə uzanan dövlətçiliyini bərpa edib.
“Litva 20 il sürən müstəqillikdən sonra, 1940-cı ildə o zamankı Avropanın güzəştə getmək siyasətindən həvəslənən iki avtoritar qəsbkar dövlətin qonşu ölkələrin ərazisinə hərbi təcavüzü nəticəsində öz azadlığını itirdi. Lakin öz dövlətinə olan inamdan heç vaxt dönməyən Litva xalqı 1990-cı ildə yenidən müstəqilluyini bərpa etdi. Bu, xalqımızın qəhramancasına apardığı mübarizə və o zaman əsarətdə olan digər xalqların vəhdəti sayəsində mümkün oldu” deyən diplomat bildirib ki, 20 yanvar qətliamından sonra azadlığın dəyərini daha yaxşı bilən Azərbaycan xalqı, bir il sonra Sovet ordusu Vilnüsdə dinc xalqa atəş açanda Litvaya böyük dəstək verib.
Cənab Vaskeleviçus qeyd edib ki, yaxın keçmişdə əsarət altında olmuş xalqların əqidə və məram birliyi 20-ci əsrin ən böyük uğurlarından birinə - Sovet İttifaqının dağılmasına təknan verib. Nəticədə Mərkəzi Avropadan Orta Asiyayadək uzanan coğrafiyada yaşayan xalqlar öz müstəqilliyini bərpa etdilər və ya öz taleyinin sahibi olmaq haqlarını geri qaytarıblar.
“Azadlıq Litva xalqına gələcəyə böyük ümidlər bəsləmək üçün geniş üfüqlər açdı və həmin ümüdləri reallığa çevirmək üçün bizi lazımi vasitələrlə təmin etdi, xalqımıza arzuladığı dövləti qurmaq üçün imkan yaratdı. Litva bu gün Avropa İttifaqı və NATO-nun üzvü olması ilə fəxr edir. Ölkəmizdə adambaşına düşən məhsulun dəyəri əhəmiyyətli dərəcədə artaraq Avropa İttifaqı üzrə orta göstərici olan 10 faizdən 87 faizə yüksəlib. İqtisadiyyatımız azadlıq dərəcəsinə görə dünyada 15-ci yerdədir. Dünyanın 100 ən yaxşı universitetindən 95-ı Litva lazer texnologiyalarından istifadə edir. Litva Avropada təbiət elmləri sahəsində güc mərkəzlərindən biridir və bunlar ümumdaxili məhsulun təxminən 3 faizini təşkil edir. Litva startapları NASA və Space X şirkətləri ilə sıx əməkdaşlıq edir və bu, bir çox gənci özünə cəlb etməkdədir. Təsadüfi deyil ki, 2024-cü il üçün BMT-nin illik hesabatında dünyada ən xoşbəxt gənclərin məhz Litvada yaşadığı göstərilib”, - səfir deyib.
Diplomat qeyd edib ki, bununla belə, uğura gedən yolları heç də asan olmayıb və indi də asan deyil. Amma bu yol möhtəşəm olaylar yolu olaraq tarixə düşüb. “Bir misal çəkim: Litva uzun illər Rusiyanın enerji ehtiyyatlarından asılı idi, Avropada ən yüksək qiyməti ödəyirdi və buna baxmayaraq daim enerji şantajı ilə üzləşirdi. Ona görə də ölkəmiz enerji təhlükəsizliyini təmin eləmək üçün hərəkətə keçərək bu sahəyə böyük sərmayələr yatırdı, neft və maye qaz terminalları tikdi, yeni enerji bağlantısı qovşaqları inşa etdi və 6 gün öncə hər üç Baltikyanı respublika Rusiya elektrik şəbəkəsindən ayrılaraq təchizat sistemlərinin kontinental Avropa elektrik şəbəkəsi ilə sinxronlaşdırma işini başa çatdırdı. Beləliklə, bu tarixi addım xalqımız və sahibkarlıq subyektlərimiz üçün enerji təhlükəsizliyində sabitliyi və təhlükəsizliyi təmin etmək üçün şərait yaratdı” deyən səfir Vaskeleviçus bildirib ki, Litvanın uğurları yalnız hamılıqla qəbul olunmuş qaydalara əsaslanan beynəlxalq nizamın son bir neçə onillikdə onlara verdiyi sülh və sabitliin sayəsində mümkün olub.
Diplomat qeyd edib ki, sülh hələ hər şey demək deyil, amma sülh olmadan da hər şey heç nədir. Onun sözlərinə görə, bu gün dünyanın sülh səmasını qara buludlar almış bir dövrdə öz mövqelərində inamla dayanan, həmçinin yeni formada təzahür edən müstəmləkəçilik və qəsbkarlıq siyasəti üzərində sülhün və azadlığın qələbə çalacağına ümidlər aşılayan məhz Ukrayna xalqıdır.
“Biz bu gün Litvanın dövlətin bərpasını qeyd edən zaman, həmçinin müstəqilliyin əldə olunmasında Litvaya kömək etmiş dostlarımıza da təşəkkür edirik. Versal Sülh Konfransında Litva və Azərbaycan nümayəndə heyətləri bir-birinin müstəqilliyinin tanınması istiqamətində qarşılıqlı dəstək veriblər. Ötən əsr 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölkələrimizdə aparılmış milli azadlıq mübarizəsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdı, aramızdakı dostluğu daha möhkəmləndirdi. Litva bu dostluğu daha da gücləndirmək üçün üzərinə götürdüyü öhdəliyə bu gün də sadiqdir”, - səfir deyib.
Cənab Vaskeleviçus bildirib ki, hesab edib ki, bu il ölkələrimizin öz musiqi nəhənglərinin doğum yubileyini qeyd etməsi rəmzi məna daşıyır. “Bu ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyovun anadan olmasının 140 ili tamam olacaq. Sentyabrda həmçinin böyük Litva bəstəkarı və rəssamı Mikolayus Konstantinas Çiurlionisin anadan olmasının 150 ili tamam olur. Çiurlionis Litvanın ilk müasir bəstəkarıdır: o rəngləri musiqi kimi görür, müsiqini isə rənglər kimi eşidirdi. O, gerçəkliyin və arzuların bir-birinə qovuşduğu əsrarəngiz bir sənət dünyası yaradıb. Onun rəsm əsərlərində təbiət gözəlliyi ilə kosmik harmoniya bir-birinə qovuşaraq vəhdət yaradıb”, - deyə səfir çıxşını tamamlayıb.
Çıxışdan sonra Litvadan gəlmiş Çiurlionis Simli Kvartetinin ifasında məşhur bəstəkarın əsərləri ifa olunub. Daha sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.