AZ

"Meta"nın yeni humanoid robot planları

"Meta Platforms" (META.O) süni intellekt əsaslı humanoid robotların hazırlanması üçün "Reality Labs" bölməsi daxilində yeni bir qrup yaradır. 

Valyuta.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin cümə günü əldə etdiyi daxili şirkət sənədində məlumat verilir.

"Facebook"un ana şirkəti olan "Meta", humanoid robotlar sahəsində "Nvidia" tərəfindən dəstəklənən "Figure AI" və "Tesla" (TSLA.O) kimi rəqiblərinə qoşulur. Süni intellekt modellərinin inkişafı robototexnika və avtomatlaşdırma sahələrində yeniliklərə təkan verir.

Sənədə əsasən, "Meta"nın baş texnologiya direktoru Endryu Bozvort bildirib ki, robototexnika məhsulları qrupu "Llama" platformasının imkanlarını maksimum dərəcədə artırmaq məqsədilə istehlakçılara yönəlmiş humanoid robotların tədqiqi və inkişafı üzərində işləyəcək.  

"Llama" – "Meta"nın əsas süni intellekt modelləri seriyasının adıdır və bu modellər şirkətin sosial media platformalarındakı generativ süni intellekt məhsullarını dəstəkləyir.  

"Biz inanırıq ki, bu sahəyə sərmayə yatırmaq "Meta AI" və genişlənmiş reallıq proqramlarımız üçün dəyər yaradacaq," – Bozvort qeyd edib.  

Bu qrupa, əvvəllər avtonom avtomobil şirkəti olan "Cruise"də baş icraçı direktor kimi fəaliyyət göstərmiş Mark Uitten rəhbərlik edəcək. "Meta" onu robototexnika üzrə vitse-prezident vəzifəsinə təyin edib.

Bozvort əlavə edib ki, şirkət eyni zamanda Con Korili pərakəndə satış üzrə vitse-prezident vəzifəsinə təyin edib. Koril, əvvəllər ikinci əl elektron ticarət platforması olan "The RealReal" şirkətinin baş icraçı direktoru olub. O, "Meta"nın "Quest" qarışıq reallıq eynəkləri və "Ray-Ban Meta" ağıllı eynəkləri kimi süni intellekt məhsullarını birbaşa istehlakçılara satmaq üçün səyləri genişləndirmək məqsədilə işə götürülüb. Bu eynəklər "Meta" və "EssilorLuxottica" (ESLX.PA) şirkətlərinin birgə məhsuludur.  

Bozvort bildirib ki, "Meta" bu sahədə daha çox təcrübə qazanmaq üçün pərakəndə satış məntəqələri açmağı planlaşdırır. Noyabr ayında Los-Ancelesdə açılan "Meta Lab" müvəqqəti mağazası buna nümunədir. Bununla belə, əsas satış həcmini pərakəndə satış tərəfdaşları təmin edəcək.  

Bu, "Meta"nın gələcək inkişafı üçün əsas texnologiyalar hazırlamaq məqsədilə qurduğu, lakin indiyə qədər böyük maliyyə itkisi ilə üzləşən "Reality Labs" bölməsinə ciddi investisiya qoyuluşunu göstərir. Bölmə yalnız 2023-cü ilin dördüncü rübündə təxminən 5 milyard dollar zərər edib.  

Rəhim

Seçilən
27
valyuta.az

1Mənbələr