"Baku" TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramda mərhum aktrisa Tünzalə Əliyevadan bəhs olunub.
Tünzalə Əliyeva 15 fevral 1973-cü ildə Gəncə şəhərində anadan olub. Atası fəhlə, anası isə tibb bacısı işləyən aktrisa 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə qəbul olub.
Onun haqqında xatirələrini bölüşən aktrisa Ülviyyə Əliyevanın sözlərinə görə, T.Əliyeva çox sadə, səmimi insan olub.
"Dost kimi ona çox güvənirdim. Sənətdə olduğum 27 ildə Tünzalə kimi partnyorum olmayıb. Bir-birimizi çox yaxşı başa düşürdük. Tünzalə xəstəlikdən sağalmış, şişi getmişdi. Amma bir həftə sonra şiş yenidən əmələ gəldi. Bir gün saytlardan biri zəng edib Tünzalənin vəfat etdiyini dedi. İnana bilmədim. Daha sonra öyrəndim ki, həqiqətən, dünyasını dəyişib. Həmin gün mən teatrda tamaşada oynayırdım. Üzümdə canlandırdığım obrazın maskası var idi, ağlaya-ağlaya rolu oynayırdım. Güclə tamaşanı başa vurub xəstəxanaya yollandım", - deyə Ü.Əliyeva sözlərinə əlavə edib.