AZ

“Neftçi” möcüzə edəcək?

Əzəli rəqiblər “Neftçi” və “Qarabağ” Azərbaycan Premyer Liqası çərçivəsində növbəti dəfə üz-üzə gələcəklər.

Sportinfo.az xəbər verir ki, fevralın 16-da ölkə çempionatında 98-ci Azərbaycan derbisi baş tutacaq.

Düzdür, “Qarabağ”ın son illər ölkə çempionatına hegemonluq etməsi və “Neftçi”nin əvvəlki günlərindən uzaq qalması qarşılaşmanın önəmini bir qədər kölgəyə salır.

Ancaq istənilən halda bu komandaların görüşü turnir cədvəlindəki mövqelərdən asılı olmayaraq, hər zaman böyük maraq doğurub.

Tərəflərin son duelləri də ağdamlıların böyük üstünlüyündən xəbər verir ki. Təsadüfi deyil ki, Qurban Qurbanovun yetirmələri ardıcıl 7 matçdır ki, rəqibinə heç bir şans vermir. Hətta son 4 matçda bakılılar böyük hesabla məğlub olublar.

“Neftçi”nin “Qarabağ” üzərində qələbə həsrəti artıq 4 ilə yaxındır davam edir. “Ağ-qaralar” axırıncı dəfə 2021-ci ilin mayında rəqibindən 3 xal almağı bacarıb. Məhz həmin qalibiyyət “Neftçi”yə ölkə çempionluğunu qazandırmışdı.

1992-ci ildən bəri çempionatlarda baş tutan Azərbaycan derbilərinin 23-də “Neftçi”, 43-də “Qarabağ” qələbə qazanıb, 31 dəfə bərabərlik qeydə alınıb. Top fərqində də ağdamlılar böyük üstünlüyə malikdir – 136:84.

“Neftçi” yeganə böyükhesablı qələbəsini 25 il əvvəl qazanıb. 2000-ci ildəki səfər görüşündə bakılılar 4 cavabsız qol vurublar. Əvəzində “Qarabağ” 6 dəfə üç top, 3 dəfə dörd, 1 dəfə beş, 1 dəfə isə altı top fərqli qalibiyyət sevinci yaşayıb.

Fevralın 16-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.

Seçilən
10
sportinfo.az

1Mənbələr