AZ

Deku: “Şesnı gələn mövsüm də “Barselona”ya çox şey verə bilər”

“Barselona”nın idman direktoru Deku “blauqrana”nın polyak qapıçısı Voyçex Şesnının gələn mövsümdə də klubda qalacağını istisna etmir.

Arena.az xatırladır ki, Şesnının Kataloniya klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərədə tutulub:

“Əgər onu hər şey qane edərsə, bu, diqqətə alınması gərəkli bir oyunçudur, çünki o, bizə gələn mövsümdə də çox şey verə bilər. Mən hələ onun planlarından xəbərsizəm. Biz bu barədə hələ söhbətləşməmişik, amma yaxın vaxtlarda biz bu barədə mütləq danışacağıq”, – deyə Deku bildirib.

Xatırladaq ki, Şesnı ötən ilin oktyabr ayının 2-də “Barselona” ilə müddəti 2025-ci ilin iyun ayının sonunadək qüvvədə olacaq müqavilə imzalayıb. Ötən yay futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı, “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlib.

Belə ki, “Barselona”nın alman əsas qapıçı Mark-Andre ter Ştegen ağır zədə alaraq cərrahi əməliyyat keçirib. Ter Ştegenin təxminən 7-8 aylığa sıradan çıxıb. Bu müddətdə iddialarını sürdürmək üçün “blauqrana” yüksək səviyyəli qapıçıya ehtiyac gördüyü üçün seçimini məhz Şesnının üzərində saxlayıb.

Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib.

2017-ci ilin iyulunda “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb.

Ötən mövsüm Şesnı “byankoneri”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 30 qol quraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib. Polyak qapıçının “Yuventus” karyerası ümumikdə 252 oyun, 233 buraxılmış qol və 103 “quru” oyudan ibarətdir.

“Barsleona”da isə Şesnı 9 oyun keçirib, 9 qol buraxıb, 4 oyunda isə qapısının toxunulmazlığını qoruya bilib.

Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.

Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə), İtaliya Super Kuboku (2 dəfə) və “Barselona” ilə İspaniya Super Kuboku (2024/2025) var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 34 yaşlı polyak qapıçı Voyçex Şesnının transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
44
arena.az

1Mənbələr