Saatlı rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində fevralın 5-də itkin düşmüş Saatlı rayon Şirinbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qəsdən öldürülməsi müəyyən edilib.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu 2005-ci il təvəllüdlü Elçin Abbasovun fevralın 5-də rayonun Şirinbəyli kəndi ərazisindəki çöl sahədə həmkəndliləri Mirhəsən Seyidovu sonuncuya məxsus avtomobildə tamah məqsədilə məftil vasitəsilə boğaraq qəsdən öldürməsi, hadisəni gizlətmək üçün meyiti ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atmalarına əsaslı şübhələr müəyyən edilib.
Mirhəsən Seyidovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.