AZ

Cengizin transferi Los Anceles ermənilərini ayağa qaldırdı!

Bu mövsüm karyerasında böyük bir eniş yaşayan ''Fənərbaxça''lı Cengiz Ündərin belə desək, bəxti heç cür açılmır.

Joze Mourinyonun planlarına daxil olmayan və yüksək maaşı üzündən ''Fənər''in vidalaşmaq istədiyi Ündərin hər dəfə başqa kluba keçidində ortaya son anda bir maneə çıxır. Qış ''pəncərəsi'' zamanı o, ''Beşiktaş''a keçməyin biraddımlığında idi. Amma son anda fanatların etirazı üzündən ''Beşiktaş'' bu keçiddən imtina etdi. İndi də eyni hal Cengizin ABŞ-a transferində yaşanır.

Dünən ''Los Anceles''in həm Cengiz, həm də ''Fənərbaxça'' ilə anlaşdığı haqda xəbərlər yayıldı. 27 yaşlı vinger tezliklə viza məsələsini həll edərək okeanın o tayına yollanmalı idi. Amma məsələ burasındadı ki, ABŞ-da ən böyük və güclü erməni diasporası məhz Los Ancelesdədi. Hətta klubun ermənilər tərəfindən yaradılan ''Los Armenikos'' adlı fanat qruplaşması da var. Cengizin transferinə qarşı çıxanlar da məhz onlardı. ''Los Armenikos'' klub rəhbərliyinə yönəlmiş geniş bir bəyanat yayıb. Orda hətta boykotla bağlı hədə-qorxuya da rast gəlinir.

Həmin bəyanatda bunlar qeyd olunub:

''Klubun sadiq azarkeşləri və Los Ancelesdəki erməni icmasının qürurlu üzvləri olaraq türk oyunçu transfer ediləcəyi ilə bağlı xəbərlərdən ciddi narahatlıq duyuruq. Ermənilərin vaxtilə yaşadığı acıları nəzərə aldıqda bu cür addım Los Ancelesdəki ən böyük icmalardan birinə qarşı böyük bir hörmətsizlik olacaq. Los Anceles dünyada ən böyük erməni diasporasına malikdi. Komandanın ev oyunlarındakı varlığımız da şəhərə olan sarsılmaz dəstəyimizin sübutudu. Amma bu transfer baş tutsa, klub sadiq azarkeş kütləsinin böyük bir hissəsini itirəcək. Hətta bir çox insan bu keçid baş tutacağı təqdirdə mövsümboyu komandanın oyunlarını boykot edəcək. Klub rəhbərliyini bu addımı atmamışdan öncə onun nələrə səbəb ola biləcəyini düşünməsini, eləcə də erməni icması ilə məsləhətləşməsini istəyirik''.

Hadisələrin bu cür axarının bu transferə necə təsir göstərəcəyi bilinmir. Cengiz hələ ki, Türkiyədədi və ABŞ-a yollanmayıb.

ƏLİ
Seçilən
55
1
football-plus.az

2Mənbələr