AZ

“Sevilya” Keleçi İheanaçonu icarəyə verdi

İspaniyanın “Sevilya” klubu nigeriyalı mərkəz hücumçusu Keleçi İheanaçonu İngiltərənin “Midlsbro” komandasına icarəyə göndərib.

Arena.az bu barədə “Sevilya”nın rəsmi saytına istinadən məlumat verir.

Əndəlüs klubu nigeriyalı hücumçusunu bu mövsümün sonunadək Çempionşip təmsilçisinə icarəyə verib. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, 28 yaşlı forvard Çempionşipdə mövsüm bitən kimi (2025-ci ilin 31 mayı) “Sevilya”nın düşərgəsinə qayıdacaq. Çünki onun İspaniya klubu ilə müddəti 2026-cı ilin iyun ayının sonunar qədər qüvvədə olacaq müqaviləsi var.

Keleçi İheanaço futbola Nigeriyanın “Tayvo Akademi” klubunda qədəm qoyub. Buradan “Mançester Siti”yə yol tapmış nigeriyalı hücumçu böyük futbolda elə, “şəhərlilər”in heyətində debüt edib. 2017-ci ildə isə İheanaço “Lester Siti”yə qoşulub. “Sevilya” isə Keleçini 2024-cü ilin yayında azad agent kimi heyətinə qatıb.

İheanaço cari mövsümdə “Sevilya”nın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 3 qola imza atıb.

Keleçi İheanaço 2015-ci ilin nöyabr ayında debüt etdiyi Nigeriya yığma komandasının heyətində 56 oyun keçirib. Hücumçu bu oyunlarda 15 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. O, bu ölkənin U-17 və U-20 yığmalarında da forma geyinib.

Keleçi İheanaçonun qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Liqa Kuboku, “Lester Siti” ilə qazandığı İngiltərə Kuboku, İngiltərə Super Kuboku və İngiltərə Çempionşipi var.

“Transfermarkt” internet-portalı 28 yaşlı nigeriyalı mərkəz hücumçusu Keleçi İheanaçonun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
44
arena.az

1Mənbələr